Mahir Süleymanov - 60

Mahir Süleymanov - 60

60 - yubileylərin şahıdır! 50 - qocalığın yeniyetməliyidirsə, 70 də tam ahıllığa qədəm qoymasıdır. 60 yaş, böyüklüyün cavanlığı, gümrahlığı ilə əsl ağsaqqalığın təravətli vəhdətini yaradır...

Evin sonbeşiyi olduğum üçün, ailədə hər zaman qayğı, nəvaziş görmüşəm. Məzahir müəllimlə yaş fərqimiz çox olduğuna görə onun üçün balaca sayılırdım. Uşaqlığım əsasən Mahir qardaşımızla birgə keçib...

Futbolu da bir yerdə oynamışıq, səfalı Şamaxı dağlarında, yayın gürzə fısıldayan istisində bulaq suları içə-içə anamızın mürəbbə bişirməsi üçün vedrə-vedrə böyürtikan da yığmışıq. Dərslərimi isə məcburiyyətdən özüm hazırlayırdım, qardaşlardan fərqli, rus sektorunda oxuyurdum.


Mahir müəllimin gözəl əl qabiliyyəti var. Məktəb illərindən seçilirdi. Çəkdiyi karikaturalar, yazdığı felyetonlar rayon, mərkəzi qəzetlərdə dərc edıilirdi. Hərb sahəsini də çox sevirdi. Atamız müharibə qəhrəmanı olub, onun təsirindən idi. Düşmənləri it kimi qovan, "üstümüzə qarapaltarlılar gəlir" deyən dəniz piyadaları, qara beretlilərin kəşfiyyatçı zabitlərindən idi.

Tez-tez furajkasını başımıza qoyub öz uşaq aləmimizdə dava-dava oynayardıq. Kibrit kükürdündən atəş açan tapançamız da var idi.

Mahir qardaşım yeniyetmə yaşlarına təzə qədəm qoysa da, adı kimi belə işlərin ustası idi.

Uzaqdan təhlükəli olmasa da, qulaqbatırıcı, alovlu atəş səsi vardı.

Qonşumuz bir sürü it saxlayırdı. Əməlli başlı quduzlaşmışdılar. Həyətimiz çox böyük olduğu üçün, arada "setka" çəpəri aşıb biz tərəfə adlayırdılar. Bir dəfə üstümə cumub yaman qorxutmuşdular. Qisas hissi ilə alışıb yanırdıq.

Mahir müəllim gizli plan cızdı. Həyətyanı sahədə əlavə emalatxana əvəzi tikilimiz də vardı. Lazımi alətlərimizdə kifayət qədər idi.

Tapancadan bir şey çıxmazdı, atıcı tüfəng düzəltməyə qərar vermişdik. İtləri iti qovan kimi qorxutmalı, qovmalıydıq...

Qardaşım hardansa kiçik kalibrli patronlar əldə elədi. Ona uyğun tam gizlin odlu silah istehsalına başladıq. Başladıq deyəndə ki, mən hələ cuppulu uşaq idim. Köməyim, "onu ver, bunu tut"dan ibarət idi. 
Yaradıcılığı Mahir görürdü. Əsas məxfilik idi ki, evdə xəbər tutmasınlar.

Neçə müddətə hazır olduğu yadımda deyil, xeyli çəkdi. Qundağın yonulması, hazırlanması, patronun lüləyə uyğunluğu, bərkidilməsi, tətiyi, sınaqdan keçirilməsi və s... Sovet dövrünün ən sakit 70-ci illərinin əvvəllərində odlu silahımız da hazır oldu...

Mahir qardaşımın əmrini gözləyirdim. Əməliyyat üçün uyğun vaxt seçilməliydi. Plan hazır idi. Həyətimizin aşağı hissəsində axşam sakitliyində mövqe qurub və qonşu itlərinin çəpər tərəfdən görünməyini gözləməliydik...

Mahir tüfəngi mənə etibar etmirdi. Uşaq idim hələ, ehtiyatsızlıqdan əlimdən xəta çıxa bilərdi. İşim ancaq pulemyotçuların yardımçıları kimi, qardaşımın yanında olmaq, kömək etməkdən ibarət idi. Kömək də nə kömək...

Deməli, tüfəngin atıcı hissəsi böyük pəncərə cəftəsindən hazırlanmışdı. Baş, kecəcək tərəfi elə  yonulmuşdu ki, ox kimi iti idi. Cəftənin tutacağına bərk, qalın jqut keçirilirdi, o da öz növbəsində dartılaraq qundağın arxa hissəsindəki çıxacağa bərkidilirdi...

Cəftənin jquta bərkidilmiş "predaxranitelini" işə salan kimi, ildrım sürəti ilə lülədə olan patrona dəyirdi və atəş açılırdı. Mənim işim ondan sonra başlayırdı. Boş patron dərhal şişib lülədə qalırdı, soyumamış, kəlbətinlə tez onu birtəhər çıxartmaq lazım idi. 

Uşaq idim, gücüm də çatmırdı. Mahir qardaşım dərhal əlimdən alıb özü həll edirdi. Sonralar dərk elədim ki, bilərəkdən edirmiş, inciməyim, mən də bir işin qulpundan yapışım. Nə isə, snayperçilər kimi "maskirovka" olunub uzanmışıq, səsimizi çıxartmırıq...

Aydın səma, ulduzların parıltısı işimizə yarıyır. Qonşu tərəf əla görünür. Bir az səs saldıq ki, itlər oyansın, hərəkətə gəlsin. Biri göründü, məsafə uzaq idi. Vaxt da yox, evdəkilər duyuq düşə, bizi axtara bilərdilər. 
Mahir qardaşım atəş açdı...

İtlərin ulaşması ilə aləm dəydi bir-birinə. Güllə qonşumuzun aynabəndinin şüşəsini çilik-çilik etmişdi. Tez-tələsik tüfəngi gizlədib qaçdıq evə, girdik yatağımıza. Qonşuların səsinə evdəkilər, digər qonşular da oyandı. Yorğanın altında gizlənmişik, səsimiz də çıxmır. Güya yatmışıq....

Ara bir az sakitləşdi. Bilirdik ki, sabah zibili çıxacaq, tüfəng boyda dəlil var. Səhərin alaqaranlığında düşdük həyətə, Mahir silahı götürüb emalatxanada doğram-doğram elədi, heç izi də qalmadı. Bir az sakitləşmişdik ki, milislər gəldi məhləmizə... 

Şıdırğı müzakirə gedirdi. Dünyanın bu vaxtı gülləni kim atıb və niyə atıb?! Milislər bir-bir həyətlərə baş çəkib sorğu-sual edirdilər. Bizə də gəlmişdilər. Hətta, bəlkə uşaqlardan səs eşidən sualı da oldu. Heç kimin ağlına uşaq versiyası gəlmədi. Məxfiliyi qorumuşduq. Ötüşüb keçdi...

Əsas, qisas alınmışdı. Qonşu itləri qorxudan bir daha həyətimizə ayaq basmadılar. Qısa vaxtdan sonra ailəmiz Bakıya köçdü. Beləcə böyüdük, sovetlər də dağıldı, Qarabağda şiddətli savaş başladı. Artıq Mahir qardaşım əlində həqiqi silah düşmənlərə qarşı döyüşürdü. 

Tək səngərdə deyil, bir jurnalist kimi ideoloji müharibədə də öz dəyərli həmkarları ilə birgə öndə gedənlərdən idi. Qarabağ həqiqətlərini bütün dünyaya çatdırırdılar. Füzuli, Hadrut, Suqovuşan, Kəlbəcər dağları... 

Bu gün Mahir qardaşımın 60 illik yubileyidir.

Ruhuyla, canıyla vətənpərvər Qarabağ veteranına doğma torpaqlarımızın azad olunmasından, düşmənlərin it kimi qovulmasından böyük nə sevinc xəbəri ola bilərdi ki?!

Yayda eyvanda xırda bir-iki təmir işi var idi. Pandemiya dövrüdür, usta çağırmadım, Mahir qardaşıma zəng etdim ki, gəl, köməkləşib bir yerdə özümüz düzəldək. 3-4 günlük işi bir nəfəsə gördük. Gördük deyəndə ki, yenə uşaqlıq dövründəki kimi imkan vermədi, mənə kəlbətin, fırça tutmaq qaldı...

Sanki, uşaqlıq illərimizdi, indi də qardaşlar sonbeşiyin əziyyət çəkməsini istəmirlər. Onların gözündə mən yenə də balacayam. Gözəl qardaş(lar)ım, mən heç böyümək də istəmirəm.

Sizlər var olun, mən elə sonbeşik kimi qalım...

60 illik yubileyin mübarək olsun, mərd qardaşım! Özün kimi böyütdüyün, tərbiyə verdiyin övladlarını döyüşdüyün Qarabağ torpaqlarında doyunca gəzdirəsən. İsa bulağndan içəcəyin saf sularla Şamaxı dağlarının şəffaf bulaqlarını, Bakı istisini, bütöv Azərbaycanı muğam ahəngi  tək ruhən birləşdirəsən!

Tahir Süleymanov




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az