Arif Hacılı üzür istədi
Müsavat Partiyası İcra Aparatının rəhbəri Aruf Hacılı dünən jurnalist Natiq Cavadlı ilə arasında olmuş mübahisəyə görə bu gün mediaya üzrxahlıq müsajı ünvanlayıb.
Açıqlamada bildirilir:
"Hörmətli xanımlar və bəylər!
Mənim jurnalistlərlə heç bir problemim yoxdur. Mən özüm jurnalistəm.
Jurnalistlərlə həmişə açıq və səmimi münasibətlərdə olmuşam. Jurnalist Natiq Cavadlıya da dəfələrlə müsahibə vermişəm, eyni zamanda onun mənə hörmətllə yanaşdığı, mənə bir prinsipial siyasətçi kimi rəğbəti olduğu barədə dediklərinə qarşiliq vermişəm. Jurnalist Natiq Cavadlının mənə ünvanladığı sualların məzmununu, bu suallara cavab verərkən dəfələrlə sözümü kəsərək dediklərimə düzəliş vermək cəhdlərini jurnalist peşəkarlığından uzaq, xüsusilə mənim şəxsiyyətimə, verdiyim mücadiləyə hörmətsizlik və təhqir kimi dəyərləndirdiyim üçün suallarına cavab verməkdən imtina etmiş, ondan diktafonu söndürməsini istəmişəm.
Bundan sonra Natiq Cavadlıya otağımı tərk etməyi təklif etmədən özüm otağı tərk edərək gedərkən onun "niyə, nəyə görə" suallarına cavab olaraq səbirsizlik etmiş, mətbuata bir qədər tündləşdirilmiş şəkildə təqdim olunan uğursuz ifadəni işlətmişəm. Baş verən insidentə görə təəsüfləndiyimi bildirir, işlətdiyim ifadəyə görə narahatlıq yaşatdığım dostlarımdan, bu ifadəni söz və ifadə azadlığı üçün təhdid hesab edənlərdən, eyni zamanda Natiq Cavadlıdan üzrxahliq edir, söz azadlığını müqəddəs dəyər hesab etdiyimi bir daha hər kəsin diqqətinə çatdırıram".