Qarabağ əlili haqqında cinayət işi açılan keçmiş bələdiyyə sədrindən Baş prokurora şikayət etdi-FOTO

Qarabağ əlili haqqında cinayət işi açılan keçmiş bələdiyyə sədrindən Baş prokurora şikayət etdi-FOTO

Əlbəttə, bu gün torpaqlarımızın müzəffər ordumuz tərəfindən işğaldan azad edilməsi hamı kimi, məni də sevindirir. Çünki mən də vaxtilə torpaqlarımızın azadlığı uğrunda Qarabağ döyüşlərində qanımı tökmüşəm. İkinci qrup əliləm, bir biləyim amputasiya edilib, bədənimdə, hətta gözümün içində belə qəlpələr var. Sizə uzun illərdir ki, Muğan bələdiyyəsindəki özbaşınalıqlar haqda məlumat vermək istəyirdim.

Hörmətli cənab Baş prokuror!

Rayonumuzun keçmiş icra başçısı Əziz Əzizovun vaxtında yaşadığım Muğan kəndinin bələdiyyəsində kifayət qədər saxtakarlıqlar baş verib və bu günə kimi biz sakinlər bunun əziyyətini çəkirik. Müxtəlif dövrlərdə Muğan kəndində icra nümayəndəsi və bələdiyyə sədri işləyən Maşlıq kənd sakini Rasif Həsənov kəndin torpaq sahələrini öz dədə malı kimi qohum-əqrəbaları arasında pay-püşt edib. Amma illərdir ki, mən ikinci qrup əlil olaraq bir sot torpaq sahibi deyiləm. Hansı ki, bununla bağlı dəfələrlə müraciət etmişəm. Maşlıq kəndində Rasif Həsənovun qayınatası Əşrəf Şahbazovun təkcə 75 hektar torpaq sahəsi var. Maşlıq kəndinin girişində sol tərəfdə hektarlarla torpaq sahələri Rasif Həsənova, onun bacısına və baldızına məxsusdur. R.Həsənov Muğan bələdiyyəsində işlədiyi dövrdə çox saxtakarlıqlara yol verib. Lakin R.Həsənov onun saxtakarlıqlarını üzə çıxaran adamlara torpaq verərək onları da susdurmağa çalışıb. 

Məsələn, 2013-cü il yanvarın 28-də Muğan bələdiyyəsinin vəzifəli şəxslərinə Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdı. Həmin məlumatla Baş Prokurorluğun saytında bu linkə daxil olmaqla tanış ola bilərsiniz: https://genprosecutor.gov.az/az/post/1117. Həmin açıqlamada bildirilir ki, "Cəlilabad rayonunun Muğan bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılmışdır. Müəyyən edilmişdir ki, bələdiyyə sədri Rasif Həsənov 2010-cu ildə ilkin sənədləşmələr aparmadan 12 min 770 manat məbləğində pul vəsaitini qanunsuz olaraq bələdiyyənin hesabından silərək mənimsəmişdir. Bundan başqa, bələdiyyənin vəzifəli şəxsləri tərəfindən 2011-2012-ci illər ərzində müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmadan və bələdiyyə iclasları keçirilmədən 20 vətəndaşa bələdiyyə ərazisindən əsassız olaraq 2,02 hektar həyətyanı torpaq sahəsinin satışı təşkil edilməklə bələdiyyənin qanunla qorunan mənafelərinə ciddi zərər vurulmuşdur. Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

Mən sizdən ilk öncə bu cinayət işinə necə xitam verilməsini araşdırmanızı xahiş edirəm. 

Onu da qeyd edim ki, R.Həsənov bu qədər yeyintidən sonra həbs edilmək əvəzinə, sehirli qüvvələrin köməyi ilə yenidən Muğan bələdiyyəsinə sədr təyin edildi. Təbii ki, burda keçmiş icra başçısı Əziz Əzizovun "xidmətləri" misilsiz idi. Ancaq R.Həsənov növbəti dəfə bələdiyyə sədri seçilmək istəsə də, bu planı baş tutmadı. Buna Cəlilabadın hazırda həbsdə olan keçmiş icra başçısı Namiq Zeynalova imkan vermədi.  Lakin bildiyiniz kimi onun oğlu Vasif Həsənov hazırda Muğan bələdiyyəsində təmsil olunur. Bunda sonra R.Həsənov özünün əlaltıları ilə Muğan bələdiyyəsinə sədr təyin olunan Aygün Məlikovaya qarşı qarayaxma kampaniyasına başladı. Təbii ki, bütün bu planlar bir işə yaramadı.  R.Həsənov Muğan bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılmasını heç cür həzm edə bilmir. Amma çox təəssüflər olsun ki, N.Zeynalov R.Həsənovu bu dəfə Muğan bələdiyyəsinin mühasibi vəzifəsinə təyin etdi. Təsəvvür edin ki, bu qədər korrupsiya hərəkətlərinə yol verən və haqqında cinayət işi açılan şəxsə bələdiyyənin büdcə vəsaitləri həvalə edilir. 
 
Hörmətli cənab Baş prokuror!

Qarabağ əlili olaraq ailəmi dolandırmaq üçün Muğan kənd bələdiyyə sədri Aygün Məlikovaya müraciət edərək qanuni şəkildə mənə taxıl əkmək üçün icarəyə torpaq verməsini xahiş etdim. Aygün Məlikova R.Həsənovun illərdir sənədsiz əkib becərdiyi 10 hektar torpaq sahəsini aşkar etdiklərini bildirdi. Daha sonra isə həmin torpaq sahəsini qanuni şəkildə mənə verdi. Təbii ki, mən də 10 hektar torpaq sahəsinin dövlət rüsumunu ödədim və sənədini aldım. Həmin torpaq sahəsində taxıl əkdim. Bu gün R.Həsənov və onun qayınatası Əşrəf Şahbazov mənə mane olmağa çalışır. Çünki R.Həsənov çoxsaylı saxtakarlıqlar etdiyi üçün ortaya çıxa bilmir və qayınatasını qabağa verir. Ə.Şahbazov iddia edir ki, guya bu torpaq ona məxsusdur. Hansı ki, Ə.Şahbazovun əvvəldə qeyd etdiyim kimi, 75 hektar torpaq sahəsi var və illərdir o yerləri əkib becərir. Ancaq bələdiyyə tərəfindən bildirilir ki, həmin torpaq sahələrinin illərdir ki, icarə müqaviləsi bitib. Amma mənə hədə-qorxu gəlir ki, "sən o torpaq sahəsinə gəlsən, orada qan düşəcək". Axı bu torpaq uğrunda Ə.Şahbazov yox, mən qanımı tökmüşəm. Hələ bu azmış kimi, Ə.Şahbazovun və R.Həsənovun şikayəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cəlilabad Ərazi Şöbəsinin mütəxəssisi Nizami Tağıyev tərəfindən mənə 500 manat cərimə yazılıb. Bir sözlə, uğrunda qanımı tökdüyüm torpağa görə cərimə olunuram. Məsələ ilə bağlı şöbədə də oldum, ancaq heç bir köməklik göstərilmədi.

Hörmətli cənab Baş prokuror!

Sizdən xahiş edirəm, torpağımı rahat şəkildə əkib-becərmək üçün mənim təhlükəsizliyimi təmin edəsiniz. R.Həsənovun və qayınatası Ə.Şahbazovun bu özbaşınalıqlarına son qoyulması üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz. Bununla yanaşı, R.Həsənovun saxtakarlıqlarının araşdırılması üçün aidiyyəti qurumlara göstəriş verəsiniz. Çünki R.Həsənov öz qohumları ilə yanaşı, digər şəxslərin də yüz hektarlarla torpaqları zəbt etməsinə şərait yaradıb. Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm".

Cəlilabad rayon Muğan kənd sakini,
ikinci qrup Qarabağ əlili
Qürbətov Bəxtiyar Verxuda oğlu




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az