"Anar, etiraf edirəm, "Maşın" realiti şounun tarixində sənin qədər iddialı, maraqlı və əsl oyunçu görmədim"
ANS TV-nin efirində yayımlanan layihənin rəhbəri və aparıcısı Murad Dadaşov dünən Anar Ağakişiyevə "Maşın əldən getdi" dedikdən sonra bu etirafı edib.
ANS PRESS-in məlumatına görə, realiti - şounun 13-cü sürəti start götürəndən açıq və eyni zamanda maraqlı oyun nümayiş etdirən stilist meyxanaçı Rəşad Dağlıya uduzdu.
Oyun başlanan gündən Elçin Hüseynov, Abbas Bağırov, Emil Bədəlov və Aşıq Əli (Tapdıqov) tərəfindən təcrid edilən Anar Ağakişiyev ağıllı taktikası ilə finala qədər gəldi. Az qala bir gündən bir hədəf oldu. Dəfələrlə səs toplamağa çıxsa da, tamaşaçıların dəstəyi ilə şouda qalmağı bacardı. Bəlkə də o danışıq qabiliyyəti ilə bunu bacarmışdı. Bəli, tamaşaçıların əksəriyyəti onun finalda nümayiş etdirəcəyi oyunu gözləyirdi.
Aygün Kazımova, Tünzalə Ağayeva və bir çox məşhurlar onu dəstəkləyirdi. Hətta Günay Musayeva Türkiyədən 1 günlük də olsa Anarı canlı-canlı dəstəkləməyə gəldiyini dedi.
"Maşın"ın ən qalmaqallı oyunçularından biri kimi yaddaqalan Mehriban Xanlarova iştirakçılar arasında ən düzgün oyunçunun məhz Anar Ağakişiyev olduğunu demişdi: "İlk gündən ən təmiz oyun aparan iştirakçı Anar idi. Başqaları kimi cilddən-cildə düşmürdü. Məncə ən "dostoynu" oyunçu o idi".
Nəhayət "Nağılın" final mərhələsi gəlib çatdı. Bu gündən etibarən iştirakçılar daimi maşın ətrafında durmalı olacaqlar. Gərginlik məhz indi başlayır! Axşam saat 22:00-da, ANS TV-ın canlı yayımında realiti şounu izləyin!