Vətəninfo.az Xalq artisti Firəngiz Mütəllimovanın bacısı, müğənni Nərgiz Mütəllimova publika.az-a müsahibəsin təqdim edir:
- Nərgiz xanım, hazırda nə işlə məşğulsunuz?
- “Bacanaqlar” serialına çəkilirəm.
- Oradakı rolunuz barədə məlumat verərdiniz.
- Elə öz adımla oynayıram – Nərgiz. Qonşuyam, gəlib camaatın evinə dava salıb, gedirəm.
- Həyatda da belə insansınız?
-Yox, yox, qətiyyən elə deyiləm. O gün Elməddin (Elməddin Cəfərov) mənə deyir ki, real oyna e, özün kimi ol. Deyirəm, axı həyatda mən elə deyiləm (gülür).
- Siz yaradıcılığa müğənni kimi başlamışdınız. Nə oldu ki, birdən-birə aktrisa olmağa qərar verdiniz?
- Bəli, müğənni kimi başlamışdım. Elə fikirləşirəm ki, bir mahnı yazdırıb, radiolara verim.
- Sonuncu dəfə nə vaxt mahnı yazdırmısınız?
- Bir-iki il olar.
- Niyə belə tez-tez mahnılar yazdırırsınız?
- (gülür) Nə bilim vallah. Mən elə vaxt oxudum ki, onda hələ az-az adam oxuyurdu.
- 10-15 il əvvəli nəzərdə tutursunuz?
- On beş il olmaz, haradasa on iki il bundan əvvəl idi. Səhv etmirəmsə, 2002-ci ildə oxumuşdum. İndi o qədər müğənni var ki. Çoxları deyir ki, tənbəlsən. Deyirəm ki, mən nə oxuyum?
- Onda belə çıxır ki, müğənniliyə hobbi kimi başlamışdınız.
- Ola bilər. Axı müğənnilik mənim öz sənətim deyil.
- Deyirsiniz ki, müğənni kimi davam etmək istəyirəm. Hobbidirsə, niyə davam edirsiniz?
- Həvəslənirəm də.
- Hesab edirsiniz ki, səsiniz var?
- Mən Şuşadanam axı...
- Bu, o deməkdir ki, şuşalısınızsa, oxumalısınız? Yaxud hər şuşalının səsi olur?
- Səsim olmasa da, musiqi duyumum var. Həm də pianino müəllimiyəm.
- Hazırda pedaqoji fəaliyyətiniz var?
- Bəli, Şuşa Musiqi Kollecində fortepianodan dərs deyirəm.
- Müəllimlik rahatdır, yoxsa səhnə, efir?..
- Məncə, müəllimlik daha rahatdır. Səhnə çox çətindir.
- Nə vaxt sizi xalq artisti Firəngiz Mütəllimovanın bacısı kimi yox, öz işinizlə tanıya biləcəyik?
- İnşallah.
- Amma indiki durum fərqlidir. Haqlıyammı?
- Düz deyirsiniz.
- Məsələn, bir vaxtlar Firəngiz xanım da rəhmətlik Yaşar Nuriyə görə tanınırdı. Amma bir müddət sonra o “şinel”dən çıxdı, özünü təsdiqlədi. Siz isə 12 ildir...
- (gülür) Deyəsən, ölənə qədər də belə olacaq.
- Yayda müxtəlif ölkələrdə istirahət edirsiniz. Fotolarınız sosial şəbəkələri bəzəyir...
- İndi də Türkiyəyə getməyə hazırlaşırıq. Həm də Firəngizin müayinəsinə gedirik. Bir-iki həftəyə yola düşəcəyik.
- İstirahətə bu qədər vaxt ayırınca, onu işə sərf etmək olmazdımı?
- Nə bilim e. Toylara gedən deyiləm. Şou proqramlara da getmirəm.
- Dəvət etsələr, getməyəcəksiniz?
- Yox, getmirəm. İnanırsınız, o vaxt klip çəkdirdim, efirlərdə göründüm. Nə qədər pulum çıxırdı.
- O vaxt reklamınıza nə qədər pul xərcləmişdiniz?
- Çox idi, indi yadımda deyil. Özü də klipim əla alınmışdı. Ülviyyə Könül mistik janrda çəkmişdi o klipi.
- Onda da toylara getmirdiniz?
- Yox, heç vaxt getməmişəm. Bir-iki şou proqrama getmişəm. O da elə-belə .
- Belə çıxır ki, başlayanda da efirə tanınmaq üçün çıxmışınız, sənət üçün yox...
- Yox e, yox.
- (zarafatyana) Soruşmaq ayıb olmasın, niyə ailə qurmursunuz?
- (gülür) İstəmirəm. İstəsəm, bu dəqiqə ərə gedərəm. Amma beynimə girib, ərə getmirəm.
- Səbəb?
- İstəmirəm...
- Bəlkə, kiminləsə mərcə girmisiniz, and içmisiniz, söz vermisiniz ki, ailə qurmayacaqsınız?
- Yox, elə deyil. Yəqin ki, qarşıma istədiyim insan çıxmayıb. Amma yenə deyirəm ki, istəsəm, gedərəm.
- Sizə görə şəxsi münasibətlərdə yaş fərqi çox önəmlidir?
- Məni sevənlərin çoxu yaşca məndən balacadır. Amma istərdim ki, öz yaşıma uyğun olsun.
- Yaşca balacaya ərə getmək olmaz?
- Olar...
- Məsələn, 10 yaş kiçik olsa...
- Yox, on yaş ola bilməz. Ən uzağı, özümdən beş yaş kiçiyə, beş yaş böyüyə ərə gedərəm.