Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat və İnformasiya Mərkəzinin açılışı oldu
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Mətbuat və
İnformasiya Mərkəzinin (MİM) açılışı oldu. Müasir standartlara əsaslanan
yeni üslublu mərkəzin açılış mərasimində nazir Əli Abbasov iştirak
edib.
Bu gün informasiya cəmiyyətinin inkişaf etdiyi, qlobal informasiya
məkanında yeni tələb və trendlərin formalaşdığı zamanda bütün
informasiya təsisatlarının öz strukturunda dəyişikliklər etməsi
labüddür.
Bu baxımdan müasir standartlara və ən son texnolgiyalara əsaslanan mərkəzin fəaliyyəti məqsədəuyğundur.
RYTN-in informasiya siyasətinin tənzimlənməsi, RYTN-in həyata keçirdiyi
tədbir və layihələrin təşviqi, ictimaiyyətin məlumatlandırılması
funksiyalarını Mətbuat və İnformasiya Mərkəzi yerinə yetirəcək
Nazirin müşaviri Müşfiq Əmirov məlumat verdi ki, mərkəzin nəzdində
nazirliyin rəsmi saytı (www.mincom.gov.az), "Rabitə dünyası" qəzeti və
"ICTnews" Elektron Xidməti fəaliyyət göstərəcək.
Eyni zamanda, yaradılması nəzərdə tutulan internet televiziyasının da bu mərkəzdən idarə olunması planlaşdırılır.
Mərkəz eyni zamanda nazirlik , idarə və müəssisələrin fəaliyyətinə dair
məlumat, çıxış və müsahibələrin hazırlanması, foto, video çəkilişlərinin
aparılması ilə də məşğul olacaq.
Ən son yeniliklərlə bağlı ictimaiyyətin məlumatlandırılmasında mətbuatın
əvəzsiz rolundan danışan nazir Əli Abbasov kütləvi informasiya
vasitələrinin əməyini, məlumatların əldə edilməsində göstərdiyi
fədakarlığı yüksək dəyərləndirib. Qərəzsiz, obyektiv tənqidlərin yalnız
inkişafa xidmət etdiyini də vurğulayan nazir bu baxımdan mətbuatın güzgü
rolunu oynadığını qeyd edib.
Bu gün bütün dünyada internet və yeni texnologiyaların sayəsində
mətbuatın inkişafı üçün böyük imkanlar yarandığını deyən Ə.Abbasov
ölkəmizdə internet, o cümlədən söz və fikir azadlığına böyük önəm
verildiyini nəzərə çatdırıb.
Daha sonra nazir nitqinin sonunda Mətbuat və İnformasiya Mərkəzinin əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar diləyib.