Roma Papası da katoliklərə FİTVANI Vatikandan verir: "Ermənistanın İran nəfəsliyini bağlamağa dəyməzmi?!"

Roma Papası da katoliklərə FİTVANI Vatikandan verir:
 
AMEA-nın əməkdaşı, 
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Şahin Bağırov

Azərbaycan Respublikası öz müstəqilliyini bəyan etdikdən sonra  Rusiya və İranın ölkəmizə olan təhlükəli və bəzən qısqanc münasibəti gözlənilən idi. 30 ilə yaxın bir müddətdə istər Rusiya, istərsə də İranla həm soyuq, həm də istiləşən münasibətlərə şahidlik etmişik. Müstəqil dövlət olaraq ayaqda durmaq, dünyaca havadarları olan Ermənistanla müharibə aparmaq, iqtisadi və siyasi idarəetmədə transformasiya və islahatlara yiyələnmək Azərbaycan üçün olduqca həyati əhəmiyyət kəsb edirdi. 

Azərbaycanın qonşu dövlətlərdən xeyli dərəcədə asılılığı, ehtiyacı və umacağı var idi. Və nəhayət, o müdhiş illər arxada qaldı, Azərbaycan Respublikası regionun aparıcı dövlətlərindən birinə çevrildi. Ölkə ayaqda durmağı bacardı, siyasi çəkisi artdı, ən əsası isə torpaqlarımızın 30 illik işğalına son qoydu. Müstəqilliyin ilk illərində Azərbaycan adıgedən region ölkələrdən nə qədər asılı idisə, hazırda həmin ölkələr Azərbaycandan bəlkə də daha çox asılılıq şəraitində yaşayırlar. İstər İran, istərsə Rusiya Azərbaycanın siyasi orientasiyasından narahatlıqlarını təzyiq metoduyla bildirirdilərsə, bu gün isə münasibətlərdə köhnə ritorika yox, asılılıq performansı müşahidə olunmaqdadır. Bu bir faktdır ki, konkret olaraq hər iki ölkə NATO-nu Cənubi Qafqazda görmək istəmir və bu da mübaliğəsiz şəkildə hər iki ölkəni Azərbaycandan asılı vəziyyətə gətirir. Azərbaycanın NATO-nun aparıcı dövlətlərindən olan Türkiyəylə hərbi-siyasi sahədə müttəfiqliyə imza atması və üzvü olduğu MDB dövlətlərinin bazasında yaradılan KTMK-dan məsafə saxlaması nə qədər mürəkkəb oyun taktikası ehtiva edirsə, Qoşulmama Hərəkatına üzv olması daha da çoxvektorlu rasional paradiqma ölçüləri ortaya qoyur. Məhz Azərbaycanın bu siyasəti region dövlətləri ilə dostluğunu şərtləndirən başlıca amildir. Digər tərəfdən, İran və İsrail münasibətlərində olan gərginliyi nəzərə alaraq Azərbaycan ən yaxın strateji müttəfiqi olan İsraildə öz səfirliyini açmır. Bu amil də Azərbaycan - İran münasibətlərini şərtləndirən başlıca amillərdəndir. Burda söhbət tarixən Rusiyanın satelleti olmuş Ermənistanın təklənməsindən gedir. Bu da bir faktdır ki, Ermənistan hansı ölçüdə Rusiyaya lazımdırsa, Rusiya da Ermənistana eyni ölçüdə lazımdır. Məhz belə strateji və təbii partnyorluq müstəvisində Rusiyanı Azərbaycana daha da yaxınlaşdırmaq özü bir siyasi triumfdur. 

Qayıdaq İran məsələsinə... Son 200 ildə Azərbaycanın taleyində qorxunc oyunlara imza atmış Rusiyayla dost münasibətlər qurulursa, yaxud bu, bacarılırsa, nədən İranla bu münasibətlər qurulmasın. Halbuki Ermənistan özünə İranı həmişə nəfəslik hesab edib. Bu nəfəsliyi bağlamağa dəyməzmi?! Unutmayaq ki, İranda 35 milyon azərbaycanlı yaşayır. Bəs, bu potensialdan nə vaxt istifadə olunacaq?! Fransada 2 milyon erməni yaşayır ki, Fransanı əsir-yesir ediblər... Taleyranın belə bir müdrük fikri var: "Siyasətçiyə dil fikrini ifadə etmək üçün yox, fikrini gizlətmək üçün verilib." Ən azından İranı səhv siyasətdən daşındırmaqla, lap elə üzgörənliklə utandırıb çəkindirməklə, din amililə, şiə faktoruyla dostluq münasibətlərinə gətirib çıxarmalıyıq. Bizim gücümüz region dövlətlərindədir. Bu gücdən Ermənistan məhrum olub, üz tutub Fransaya, digər qərb və Avropa ölkələrinə... Məhz Rusiya və İran həmin ölkələrin regionumuza gəlməyinin qəti əleyhdarlarıdır! 

 
P.s: Çox güman ki, Şeyx Allahşükür Paşazadənin Xomeneyinin fitvasını xatırlaması, döyüşçülərimiz arasında dindar kəsimin nümayəndələri üçün nəzərdə tutulub. Qaldı ki, başqa ölkə olmasına, Roma Papası da dünya katoliklərinə fitvanı Vatikandan verir...

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az