İran mollasından məkrli çıxış...
İran İslam Şurasının Ərdəbil əyalətində nümayəndəsi höccətül-islam vəl-müslimin Seyid Həsən Amili yenə rəsmi Bakını hədələdi. “Vətəninfo”nun məlumatına görə, Höcətül-İslam şənbə günü Ərdəbil məscidində cümə namazının xütbəsi zamanı Azərbaycanda baş verən son hadisələrlə, xüsusilə də həbs olunan dindarlarla bağlı məkrli açıqlama verib. O, çıxışı zamanı, Azərbaycanın apardığı “islamofobiya” və “anti-şiə” siyasətinə toxunub və bir neçə dindarın həbsini Bakı dövləti üçün (İran hökumət rəhbərliyi heç zaman Azərbaycanı müstəqil dövlət kimi tanımayıb – R.Z) çox utandırıcı bir hərəkət adlandırıb.Ərdəbilin imam cüməsi məkrli çıxışının davamında, rəsmi Bakını regiondakı devrilmiş diktatorların aqibətindən ibrət götürməyə çağırıb. O, hətta Azərbaycan müsəlmanları üçün dua edib: “Arzu edirik ki, təzə ildə bütün müsəlmanlar qərb və sekülar rejimlərə bağlı diktator hökumətlərinin boyunduruğundan azad olsunlar. İslami oyanışın dalğaları anti-İslam dövləti Azərbaycanı da bürüyəcək". Seyid Həsən Amili xütbənin sonunda İraqdakı son partlayışları da pisləyib və İraqda son vaxtlar baş verən terror əməliyyatlarının sionist rejim və bir sıra ərəb şeyxlərinin, əsasən də Səudiyyə Ərəbistanının himayəsi ilə törədildiyini bəyan edib. Onun sözlərinə görə, ötən illər ərzində İraqda şiə qırğınları yalnız şiə etiqadı və təlimləri üzərində qurulan bir dövlətin iş başına gəlməsinin qarşısını almaq məqsədilə törədilib.
Rövşən ZİYA