Vağzaldan Bakı-Tiflis açıqlaması
Bakı-Tiflis qatarına bilet olmaması xəbərinə reaksiya verilib.
Axar.az-ın yaydığı məlumata münasibət bildirən "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib ki, bu istiqamətdə qatarlara bilet qıtlığı yaşanmır.
Onun oxu.az-a dediyinə görə, gündə bir dəfə Bakı-Tiflis istiqamətində qatarlar hərəkət edir və tam olaraq bilet satılır. N.Əzməmmədovun sözlərinə görə, qeyd olunan istiqamətlər üzrə əvvəlcədən müəyyən olunmuş bilet sayı olur. Onlar da sərnişinlərə satılır.
Mətbuat xidmətinin rəhbəri həmin istiqamətdə tələbatın olduğunu da qeyd edib: "Hazırda Bakı-Tiflis istiqaməti üzrə əlavə vaqonların qoşulması nəzərdə tutulmayıb. Amma sərnişinlərin çox olduğu iyulun 16 və 20-də isə Bakı-Ağstafa, Bakı-Böyükkeçid qatarlarına əlavə vaqonlar qoşulacaq”.
N. Əzməmmədovun sözlərinə görə, Bakı-Ağstafa, Bakı-Böyükkeçid istiqaməti üzrə qatarlardan Tiflisə getmək istəyən sərnişinlər də faydalana bilərlər: "Tiflisə getmək istəyən sərnişinlər əsasən, Böyükkeçiddə düşüb, oradan avtomobillə daha tez həmin şəhərə çatırlar”.
Vətəninfo.az