Zərdüşt Əlizadə Çavuşoğlunun rus sülhməramlılarla bağlı fikrini şərh etdi

Zərdüşt Əlizadə Çavuşoğlunun rus sülhməramlılarla bağlı fikrini şərh etdi

"Çavuşoğlunun fikiri düzgündür. Amma bu fikiri gerçəkləşdirmək üçün mütləq Rusiya ilə Azərbaycan arasında sülhməramlıların fəaliyyətini tənzimləyən bir sənəd imzalanmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu Dağlıq Qarabağda "Siz, sülhməramlı olaraq varsınız, ancaq kimlərin gedib-gələcəyi məsələsində qərar verməyin məsuliyyəti sizdə deyil”, - deyə Rusiyaya ünvanladığı mesajın pərdəarxası məqamlarını şərh edərkən deyib. Politoloq hesab edir ki, noyabrda vəziyyət gərgin olduğundan bu sənədin hazırlanmasına imkan olmayıb:

"Türkiyənin xarici işlər naziri çatdırıb ki, üçtərəfli bəyanatdan sonra bölgədəki vəziyyəti tənzimləyən bir sıra beynəlxalq sənədlərin hazırlanması və imzalanması lazımdır. Bunu da hamı bilir və deyir. Bütün diplomatik praktikada qəbul edilmiş bir şeydir ki, hər hansı bir ölkədə sülhməramlılar olubsa, yerli hökümətlə sülhməramlıları göndərən dövlət arasında hansısa bir sənəd hazırlanır və imzalanır. Sonra sülhməramlılar həmin sənəd əsasında fəaliyyət göstərirlər. Həmin vaxt vəziyyət o qədər gərgin idi ki, sənəd tələsik imzalandı. Noyabrda o sənədin hazırlanması üçün macal yox idi. İndi artıq vəziyyət nisbətən sabitləşib, belə bir sənədin hazırlanması və imzalanması üçün tərəflər danışqılar aparırlar və əminəm ki, bu yaxınlarda həmin sənəd hazır olacaq. Çünki bəşər tarixində bu, ilk sülhməramlı əməliyyatı deyil. Bundan əvvəl xeyli dövlətlərdə sülhməramlı qoşunlar olub, onların fəaliyyətini tənzimləyən beynəlxalq sənəd imzalanıb. Yəqin ki, Xarici İşlər Nazirliyi də həmin sənədlərlə tanışdırlar. Oradakı müddəaların hansının Azərbaycanda tətbiq ediləcəyi barədə rəhbərliyin göstərişini alıblar. Yəqin ki, həmin sənəd imzalanacaq. Həmin sənəd əsasında həm sülhməramlılar, həm də Azərbaycan tərəfi öz üzərinə düşən vəzifəni yerinə yetirəcək".

Zərdüşt Əlizadənin fikrincə, yalnız bu sənəddən sonra tərəflərin vəzifəsi aydın olacaq:

"Hələlik sülhməramlılar rus komandanının onlara verdiyi əmrə əsasən fəaliyyət göstərirlər. Həmin əmr isə bəllidir. Erməniləri bütün imkanlar daxilində müdafiə etmək. Rüstəm Muradov öz rəhbərliyindən erməniləri himayə və müdafiə etmək əmrini alıb. Sabah isə hazırlanan ikitərəfli sənəddə əgər göstərilsə ki, erməni tərəfinin silahlılarını iki ay müddətində Dağlıq Qarabağın ərazisindən çıxardın, onlar əmri çox sərt və qətiyyətli şəkildə yerinə yetirəcək. Onların komandanlıqdan alacağı bütün tapşırıqlar gərək ikitərəfli hazırlanacaq sənəddə öz əksini tapsın. Bu da Azərbaycanın Xarici İşlər Nazirliyinin vəzifəsidir".

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Dağlıq Qarabağla bağlı Azərbaycan üçün vacib açıqlama səsləndirib. Nazir bu dəfə Moskvaya açıq mesaj verib. Çavuşoğlu "Siz, sülhməramlı olaraq varsınız, ancaq kimlərin gedib-gələcəyi məsələsində qərar verməyin məsuliyyəti sizdə deyil”, - deyə bildirib.

Bahar Rüstəmli



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az