Aprel qəhrəmanından Mehriban xanım Əliyevaya MÜRACİƏT

Aprel qəhrəmanından Mehriban xanım Əliyevaya MÜRACİƏT

Azərbaycan Respublikasının Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya

Hörmətli Mehriban xanım!

Mən, Qarabağ qazisi, Aprel döyüşlərində briqadanın artilleriya xidmətinin rəisi kimi iştirak edərək yaralanmış zabit, ehtiyatda olan polkovnik leytenant Xəqani Vədud oğlu Cəfərov müstəqil şəkildə 72 saylı saylı Yardımlı - Masallı seçki Dairəsindən namizədliyimi irəli sürdüm. İlkin prosedurlarda qohumlarımız işdən çıxarmaqla təhdid etdilər və mənim geri çəkilməyimi istədilər. Çətinliklə də olsa, namizədlik vəsiqəmi aldım. Təəssüf ki, təbliğat kompaniyasına  start verilən gündən yenidən eyni oyunlar davam etdirildi. Digər namizəd - hörmətli professor Musa Qasımlını icra hakimiyyətinin və seçki dairəsinin məsul şəxsləri öz avtomobillərində kəndlərə aparırlar. Mən gedəcəyim kəndin adamlarına isə  "kim Xəqani ilə görüşə getsə, işini itirəcək" hədə- qorxusu verilir. Günün günorta çağında, xalqın gözü qarşısında bu qədər qanun pozuntusuna yol verilir. Doğulduğum Ostayır kəndini isə daha çox hədələyirlər.
-Bu kənddən Xəqani Cəfərova səs yığılsa, təbii qaz üzünə həsrət qalacaqsınız.

Cənab birinci vitse-prezident! 
Mən başa düşə bilmirəm, möhtərəm Prezidentimizin göstərişi ilə, Regionların sosial iqtisadi İnkişaf Proqramına uyğun ucqar rayonun kəndinə təbii qaz çəkilişini icra hakimiyyətinin əməkdaşları Zakir İmanov, Mahir Mirzəyev və digərlərimi dayandıracaqlar? Son günlərdə isə əhalinin şəxsiyyət vəsiqəsi yığılır. Bəzi kəndlərdə isə mənə qarşı təxribat hazırlanıb. Demək olar ki, seçki təbliğatımı apara bilmirəm. 

Hörmətli Mehriban xanım! 
Mən Ali Baş Komandan İlham Əliyevin əsgəriyəm. Qürur duyuram ki, uğurlu Lələtəpə əməliyyatında iştirak etmişəm. Baş boyun nahiyəmdə 12 qəlpə gəzdirirəm. Yenə də döyüşə hazıram. Amma bu gün başqa bir şərəfli missiya ilə xalqa, dövlətə, dövlətçiliyə xidmət edim. 

Cənab Birinci vitse-prezident!
Sizin adınız olan yerdə haqq ədalət qalib gəlir. Xahiş edirəm, məni Yardımlı rayon icra hakimiyyətinin təzyiq və təxribatlarından qurtarın, rayonda bütün namizədlərin bərabər hüquqlu təşviqatına şərait yaradılmasına kömək edin. 

Hörmətlə: Xaqani Cəfərov
ehtiyatda olan polkovnik leytenant



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az