Azərbaycan-Gürcüstan sərhədində yenilik

Azərbaycan-Gürcüstan sərhədində yenilik
Azərbaycan-Gürcüstan dövlət sərhədinin Ağstafa rayon ərazisində yerləşən Sadıxlı sərhəd keçid məntəqəsində iş rejimi dəyişdirilib.
Vətəninfo.az-ın ANS PRESS-ə istinadla məlumatına görə, yeni qaydalara əsasən, qarşı tərəfə getmək istəyən və oradan qayıdanlar şəxsi avtomobilləri ilə sərhədi keçə bilərlər.
Beləliklə, bu zonada yaşayan yerli əhali Azərbaycandan qonşu Gürcüstana piyada keçməklə yanaşı, həm də fərdi nəqliyyat vasitələri ilə də gedəcəklər. Lakin hələlik Sadıxlı gömrük postundan yük avtomobillərinin buraxılması mümkün deyil.
Sadıxlı Gömrük Postunun rəisi Mehmandar Həsənovun sözlərinə görə, avtomobillərin keçidinə Nazirlər Kabinetinin qərarı ilə icazə verilib: "Bura kiçik məntəqədir. Lakin yeni böyük məntəqə tikiləndə yük avtomobillərinin gediş-gəlişini həyata keçirmək mümkün olacaq."
Keçid məntəqəsində iş vaxtı səhər saat 8:00-dan axşam saat 8:00-dəkdir. Bu müddət ərzində vətəndaşlar Gürcüstana maneəsiz gedə və geri qayıda bilərlər. Ağstafada yerləşən məntəqədən avtomobillərin buraxılması Qazax rayonu ərazisində olan Sınıq körpü sərhəd-keçid məntəqəsində tez-tez yaşanan sıxlığın qarşısını alacaq.
Yerli sakinlər bu işi yüksək qiymətləndirərək deyiblər ki, Sadıxlıdan avtomobillərin buraxılmasından sonra uzun məsafə qət edib Qazağa getməyə ehtiyac qalmayacaq.
Sadıxlı Gömrük Postundan verilən məlumata görə, gün ərzində buradan 1200-ə yaxın vətəndaş piyada keçidindən, 80-ə yaxın vətəndaş isə avtomobil keçidindən istifadə edir.

Azərbaycan-Gürcüstan sərhədində gözləyən avtomobillər
Bir müddət əvvəl Qazaxda Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin rəhbər şəxslərinin görüşü baş tutmuşdu. Görüşdə Sadıxlı postundan avtomobillərin buraxılması haqqında razılıq əldə edilmişdi. İndi Sadıxlı keçid məntəqəsi maneəsiz gediş-gəlişi təmin edir.
 
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az