Azərbaycan lokal müharibələrlə danışıqları dalandan çıxara bilər

Azərbaycan lokal müharibələrlə danışıqları dalandan çıxara bilər

Ermənistanda Rusiya ilə birgə keçirilən MDB-in Birləşmiş Hava Hücümü Müdafiəsi(HHM) təlimləri davam edir.

MDB-nin Birləşmiş Hava Hücumu Müdafiəsi sistemi MDB-nin hava məkanını mümkün hava və raket zəbərlərindən birgə qorumaq, istifadə etmək, erkən hava-kosmik xəbərləşmə məqsədləri ilə 1995-ci ildə Rusiya tərəfindən yaradılmışdı.

Birləşmiş HHM sistemini yaratmaqda Rusiya iki əsas məqsədi güdüb:
 
1. MDB üzərində hərbi-siyasi dominantlığını gücləndirmək.
2. Rusiyaya qarşı əsas qlobal rəqibləri ABŞ və NATO tərəfindən mümkün hava-kosmik təhlükələrin qarşısını uzaqdan almaq.

İdarə edən orqan- Koordinasiya komitəsi- Moskvada yerləşir. Koordinasiya Komitəsinəz üzv ölkələrin HHM komandanları daxildir. Rusiya Hava-Kosmik qüvvələrinin komandanı eyni zamanda MDB Birləşmiş HHM komitəsinin sədridir.

Azərbaycan Birləşmiş HHM-ə daxil deyil, sazişi imzalamyıb, lakin MDB üzvü olduğundan sazişə qoşulma imkanı təşkilatın Nizamnaməsində nəzərdə tutulur. Qeyri-rəsmi məlumatlara görə, Rusiya Azərbaycanı bu Sazişə qoşulması üçün daim dəvət edir, bəzənsə təzyiq edir. Xatırladım ki, struktur olaraq, Rusiyanın qlobal hava-kosmik təhlükəsizliyi və MDB Birləşmiş HHM sisteminə daxil olan Qəbələ RLS-ı Azərbaycanı 2012 ildə tərk edib.

Ermənistan HHM və Rusiyanın 102-ci bazasının hava hücumunu izləmə texniki vasitələri daim birgə döyüş növbəsi daşıyırlar.

Rusiya ilə Ermənistanın birgə HHM təlimləri, rəsmilərin bildirdiyinə görə, plana əsasən olsa da, regionda yaranmış şəraitin kontekstində iki əsas məqsəd daşıyır.
 
1. 12 iyuldan Ermənistan sərhədi yaxınlığında Türk Hava Kuvvetlerinin qırıcı təyyarələrinin və PUA-ın uçuşlarının fəallaşmasına qarşı ayıq-sayıqlığı və texniki imkanlarını nümayiş etdirmək. Qeyd edim ki, Türkiyə hava məkanı Birləşmiş NATO HHM sisteminin (ofisi İtaliyada) "Cənub” zonasına aiddir.
2. Ermənistanla Azərbaycan arasında hərbi pariteti saxlamaqla Azərbaycanı müharibə etməkdən çəkindirmək.

Erməni rəsmi hərbi mənbələrinin verdiyi məlumata görə, "təlimlərə Ermənistanın bütün HHM hissə komandirləri cəlb olunub. Təlimlərdə Ermənistan-Azərbaycan sərhədində son döyüşlər zamanı HHM və raketəleyhinə müdafiə sistemlərinin fəaliyəti təhlil olunacaq, pilotsuz uçan aparatlara qarşı mübarizədə yeni formalar işlənəcək”.
Belə birgə təlimlər mütəmadi keçirilir. İyulun 17-də Ermənistan ordusunun İcevan alayı Rusiya Silahlı Qüvvələrində keçirilən döyüş hazırlığının yoxlanması çərçivəsində 102-ci rus bazasının hərbçiləri ilə birgə yoxlamada və təlimlərdə iştirak etmişdilər.

Ermənistanda hakimiyətdə Qərb ya Rusiya yönümlü hakimiyətin olmasından asılı olmayaraq, Rusiya regionda öz maraqlarını təmin etməyə çalışacaq. Rusiyanın hazırda regionda əsas məqsədi böyük müharibəyə yol verməməkdir. Hərbi əməliyatların başlanmasını isə Azərbaycandan gözləmək təbiidir. Rusiya bir tərəfdən Azərbaycanla ikitərəfli siyasi-iqtisadi, hərbi-siyasi münasibətlər vasitəsilə, digər tərəfdən Ermənistanla ikitərəfli və KTMT(ODKB), MDB, "Avrasiya İttifaqı" çərçivəsində əməkdaşlıqla, digər tərəfdən isə müharibə baş versə və Türkiyə yaxud digər ölkələr qoşulacaqsa, hərbi təhlükələri qarşılamağa hazır olduğunu bilavasitə nümayiş etdirməklə, həm münaqişə tərəflərini, həm kənardan qoşula biləcək qüvvələri müharibədən çəkindirməyə çalışır.

Lakin Azərbaycanın 25 illik nəticəsiz sülh danışıqlarından çıxıb, beynəlxalq tanınmış sərhədləri hüdudlarında öz ərazi bütövlüyünü güc yolu ilə bərpa etməsinə beynəlxalq hüquqda heç bir məhdudiyət yoxdur.

Dünya gücləri Ermənistan-Azərbaycan müharibəsinin fəal fazaya keçməsinə qarşı yekdildilər. Rusiyanın XİN Lavrov, "güc yolunun yolverilməz” olduğunu yorulmadan təkrarlayır.

Belə şəraitdə Azərbaycan lokal müharibələrlə danışıqları, dirəndiyi dalandan çıxarda bilər. Buna rasional baxmaq lazımdı. Bəziləri etiraz edirlər, "hər dəfə 10 nəfər, 100 nəfər itkimi verək?” Qarşılıqlı sual verirəm, lokal əməliyatların itkiləri çox olur ya genişmiqyaslı? Nəzərə alaq ki, müharibə itkisiz olmur, torpaq qanla azad olur.
Dünya pandemiya ilə mübarizə apardığı dövrdə, BMT Baş Katibinin dünyaya münaqişələri dayandırmaq çağırışına məhəl qoymadan, Ermənistanın Tovuz istiqamətində Azərbaycana qarşı son təxribatı Azərbaycanın işğalçıya qarşı "əllərini açır" və Qarabağda növbəti addımı atması üçün əlverişli şərait yaradır.

Hərbi icmalçı, ehtiyatda olan zabit Nazim Bayramov
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az