Generaldan hökumətə TƏKLİF: "Operativ Qərargah (OQ) ləğv edilsin, əvəzində..."

Generaldan hökumətə TƏKLİF:

Qabil Məmmədov,
general-mayor


Dəyərli Dostlar!

Nazirlər Kabineti nəzdində yaradılmış Operativ Qərargah, qəbul etdiyi səmərəsiz qərarlar və özünün də icrasını təmin edə bilmədiyi tədbirlərdən yaranan ümumi laqeyidlik, intizamsızlıq və nəzarətsizlik səbəbindən, demək olar ki, qarşısında qoyulmuş vəzifələrin öhdəsindən gələ bilmir. Bu əlbəttə ki, mənim bir vətəndaş olaraq apardığım fərdi müşahidələrimin nəticəsidir. Baxmayaraq ki, Dövlət Rəhbəri, bu qurumu və onun fəaliyyətlini lazımi resurslarla təmin edir, amma qurum arzuolunan nəticələrə nail ola bilmir və koronavirus inkişafına davam edir.

Və bir məntiqi sonuş olaraq, bu gün biz, qızıl dəyərli imkan və zamanımızı əldən verməklə yanaşı, ölkədaxili həyatı iflic vəziyyətə salmış, iqtisadiyyatımızı kəskin zəiflətmiş, biznes strukturlarımıza şok terapiyası yaşatmış, əhali arasında gələcəyə qarşı - qorxu, inamsızlıq və ümidsizlik hissləri yaratmişıq. Nəzərə alsaq ki, qarşıda payız yaxınlaşır, deməli bizlər bu minvalla fəlakətə - epidemoloji və iqtisadi uçuruma sürüklənirik.

Bunları yaradan səbəblər nədir?

1. Ölkədə yaranmış vəziyyət, malik olduğumuz resurslar, icraçı və nəzarət orqanları, onların real imkanları Nazirlər Kabineti tərəfindən zamanında düzgün dəyərləndirilmədi (kreslo itirmək qorxusundan Prezidentə şişirdilmiş yalançı məruzələr edildi).
2. Qərarlar, cavabdeh məmurların təqdim etdikləri (həyatı reallıqları əks etdirməyən) yanlış statistik məlumat-məruzələr üzərindən verildiyindən səhv bir sistemin quruluşuna (çevikliyi olmayan, hər şeyi üzərinə götürmüş və mərkəzləşdirilmiş Operativ Qərargah) start verildi.
3. Proseslər, idarəçilik bacarıq və təcrübəsi olmayan kadrlarla komplektləşdirilmiş Operativ Qərargaha həvalə edildi. Məsuliyyət, həyatda sınanmamış, təşkilatçılıq bacarıq və təcrübəsinə malik olmayan yeni qurulmuş bir quruma - TƏBİB-ə yükləndi.
4. Məmurlarımız, ilkin etapdakı nisbi sakitlikdən eyforiyaya - "Ulduz xəstəliyinə” yoluxdular. Bəzi yaltaq deputatlarımız bu mübarizəni zarafata çevirdilər. "Baş Təbliğatçımız”, Dövlət Rəhbərini aldatmaq məqsədilə başgicələndirici tərif kampaniyasına start verdi.
5. Yerli icra orqanları və digər dövlət strukturlarındakı məmur özbaşnalıqları (mənimsəmələr), baxımsızlıq, əhaliyə qarşı qayğının göstərilməməsi və onların sosial təminatının kəskin zəifləməsindən yaranan ümumi narazılıq və inamsızlıq, insanlarda istər özlərinin, istərsə də digərlərinin həyatına qarşı laqeyidlik yaratdı.
6. Karantin mərkəzləri, Təcili yardım və Müalicə müəssələrində hökm sürən xoşagəlməz atmosfer, ümumi təminatsızlıq, tibbi personalın çatışmamazlığı və qeyri kompitentsizliyi, xəstələrə bəslənən ögey münasibətlər (rüşvət və dərmanların xəstələrə alındırılması) biganəlik və inamsızlıq mühütünü formalaşdırdı.
7. Müailcə müəssələrində xidmət göstərən tibbi personalın əksəriyyətinin epidemoloji təcrübəsizliyi.
8. Ölkədaxili gərginlik (korrupsiya, rüşvət, məmur özbaşnalığı, işsizlik, ...), telekanalların yaratdığı psixoz və panika (sözün əsl mənasında informasiya müharibəsi), maarifsizlik və vətəndaş şüursuzluğunun kütlə psixologiyası
9. İstifadə olunan metod və yanaşmaların verdiyi nəticə və onların törətdikləri fəsadların, OQ tərəfindən düzgün analiz edilməməsi, zəruri dəyişikliklərin tətbiqi əvəzinə, dirənişli məmur prinsipiallığının nümayiş etdirilməsi və s.

Əlbəttə ki, vəziyyətin bu həddə çatmasında, bir vətəndaş və cəmiyyət olaraq özümüz də günahkarıq. Çünkü məmur özbaşnalıqlarına qarşı təpki göstərmir, xəstəliklə bağlı bütün tövsiyə və qadağaları qulaqardına vurur, ictimai yerlərdə məsuliyyətsiz davranan insanlara qarşı qınaq və təpki nümayiş etdirmirik.

Bu yazımın niyyəti, əsla kimlərisə tənqid etmək yox, yaranmış bu ağır vəziyyətdə, bir vətəndaş olaraq - Dövlətə, xalqa yardım etmək məqsədini daşıyır. Təkliflərim isə aşağıdakılardan ibarətdir:

1. Operativ Qərargah (OQ) ləğv edilsin və əvəzində 1-ci vitse prezident M. Əliyevanın ümumi rəhbərliyi altında Koordinasiya Mərkəzi (KM) yaradılsın.
2. Ölkədə yaranmış real vəziyyət, malik olduğumuz resurslar, yaratdığımız ehtiyatlar və qalıqları, icraçı və nəzarət orqanları, onların potensialları KM tərəfindən təhlil edilərək düzgün dəyərləndirilsin.
3. KM-nin vəsadəti əsasında, vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlar, gecikdirilmədən tutduğu vəzifələrindən azad edilsinlər.
4. Zəif sosial təminatlı ailələrə yardım məqsədilə, əlavə olaraq KM-i nəzdində Respublika üzrə şəbəkləşdirilmiş Xeyriyyə Cəmiyyəti, onun qərərgahı və saytı yaradılsın.
5. OQ Səhiyyə Nazirliyinin nəzdində yaradılsın. Bu qərargah, peşəkar və təcrübəli kadrlarla komplektləşdirilsin. Gündəlik olaraq - xəstə artımı, Karantin mərkəzləri, Müalicə müəssələri, Təcili Yardım, poliklinikalar, apteklər, tibbi avadanlıq və ləvazimatlar, dərmanlar və tibbi personal haqqındakı uçot məlumatları OQ tərəfindən öyrənilsin, Səhiyyə Nazirinə məruzə edilsin və onun tərəfindən çevik qərarlar verilsin.
6. Səhiyyə Naziri, gündəlik olaraq KM qarşısında hesabat versin. Öz imkanları xaricində üzləşdiyi problemlərlə bağlı ona müraciət etsin.
7. Yerlərdə çevik idarəetməni təmin etmək məqsədilə, karantin rejiminin tətbiqi üzrə inzibati idarəetmə sistemi, Səhiyyə Nazirliyinin (aidiyyatı üzrə) ümumi rəhbərliyi altında şəhər (Bakı daxil) və rayonların icra hakimlərinə həvalə edilsin və nəticələr də onlardan soruşulsun. İnzibati ərazilər daxilində hərəkətə məhdudiyyət tətbiqi və onun ləğvi hüququ, yerli icra orqanlarına həvalə edilsin.
8. Şəhər və rayonlararası hərəkət məhdudiyyəti, SMS icazələri tam şəkildə ləğv edilsin (beynəlxalq uçuşlar bərpa olunur, rayonlararası hərəkət isə ... absurd deyilmi?). Kritik zamanlarda, inzibati ərazilərin giriş-çıxışlarında sanitar-epidemoloji postlar qurulsun.
9. Bütün struktur, müəssə və şirkətlərdə, gigiyenik və sanitar-epidemoloji tədbirlərin gücləndirilməsi müqabilində iş rejimlıəri tam şəkildə bərpa edilsin. İş rejimində məhdudiyyət yaratma və ya ləğvetmə hüququ – struktur, müəssə və şirkət rəhbərlərinə verilsin.
10. Şəhər və rayonlar, tibbi baxımdan inzibati sahələrə bölüşdürülsün və hər sahəyə cavabdeh olacaq tibbi qrup və briqadalar, nəzarətlərində olacaq xəstələrin müayinə və müalicəsini, evakuasiyasını təmin etsinlər.
11. Xəstələrin müalicəsi öz evlərində təşkil edilsin (o zaman hökumətin təminat və təchizatla, tibbi personalla bağlı işləri çox asanlaşar və nəticə də effektiv olar).
12. Telekanallarda ev şəraitində təşkil olunacaq müalicənin aparılması qaydaları, ünvanlara təhkim edilmiş tibbi qruplarla qarşılıqlı əlaqə haqqında verilişlər hazırlansın.
13. Şəhərlər, apteklər və depolar üzrə vahid uçot, onlayn məlumat bazası və onun saytı yaradılsın.
14. Media orqanları, təbliğat və təşviqat (pandemiya ilə bağlı mənasız, insanlarda psixoz və panika yaradan statistik məlumat axını dayandırmaq) ciddi nəzarətə götürülsün.
15. Vətəndaşın cəmiyyət qarşısındakı (əlaxüsus ictimai yerlərdə) fərdi məsuliyyəti, ona qarşı ictimai qınaq və təpki mədəniyyətini təbliğ etməklə bu davranış etik norma qaydalarına çevrilsin (telekanallar geniş təbliğ etməlidirlər).
16. Sağlamlıq və xəstəlik arasında seçim etmək hüququ vətəndaşın, məsuliyyət isə ailəsilə yanaşı ictimaiyyətin üzərinə buraxılsın. İnsanlar biləndə ki, onların sağlamlıqları onların özlərindən aslıdır, o zaman psixoloji olaraq ailə üzvləri və ictimai qınaq qarşısında olan fərdi məsuliyyətləri birə on artır.
17. DİN daxilində, PPX və YPX ləğv edilsin və geniş səlahiyyətlərə malik olacaq yeni bir qurum - universal MPX (mobil patrul xidməti) yaradılsın və üzərinə düşəcək funksiyaları yerlərdə təmin etsin.
18. Tələbat yarandıqda, Milli qvardiya, Daxili qoşun və FHN şəxsi heyəti (ordu hissələri xaric olmaqla), polislə bərabər patrul fəaliyyətini gücləndirsin.
19. Ərzaq və həyatı baxımdan digər strateji məhsulların bu günə olan ehtiyatı, istehsalı və paylanışı KM tərəfindən çox ciddi nəzarətə götürülsün.
20. Nazirlər Kabineti, kiçik və orta biznesə dəymiş ziyanın fəsadlarını aradan qaldırmaq məqsədilə təkliflər paketi hazırlayaraq KM təqdim etsin.
21. Vətəndaşlarımız, xəstələrdən rüşvət istəyən, varlanmaq marağında sünü qıtlıqlar yaradan və qiymət artımlarına qarşı ayıq-sayıqlıq göstərməli, təyin olunacaq qaydalardan kənarlaşan fərdlər və vəzifəli şəxslər barədə, DTX tərəfindən təşkil olunacaq Çağrı Mərkəzinə məlumat ötürsünlər.

Dəyərli Dostlar! Bu tip fəaliyyətlər, təkcə söz söyləmək və ya istək ifadə etməklə həyata keçirilmir, onları təşkil etmək lazım gəlir.

Ali İdarəetmə orqanları, hər şeyi mərkəzləşmiş şəkildə öz üzərinə götürdükdə, idarəçilik vertikalı/səthi prinsiplərini pozmaqla yanaşı, özünü cəmiyyət qarşısında qınaq və tənqid obyektinə çevirmiş olur. Aşağılar isə bu zaman, hər bir səhv addımı Ali Rəhbərliyin üzərinə yıxmaqla yanaşı, özünü məsuliyyətdən kənar tutmuş olur. Bu səhv prinsip və metoddır. İdarəetmə hüququ, nəzarətli şəkildə aidiyyatı üzrə struktur rəhbərlərinə həvalə edilməli, qəbul edəcəkləri qərarların nəticələrinə görə məsuliyyət və cavabdehlik də onlardan soruşulmalıdır. Aşağılar, yerlərdəki vəziyyəti yuxarılardan qat-qat yaxşı bildiklərindən bu hüquq onlara qaytarılmalı, Ali rəhbərlik isə, nəzarətçi və yönətçi funksiyasını yerinə yetirməlidir. Əks halda, hakimiyyət, öz qeyri -çevik və məntiqsiz addımları ilə özü-özünü nüfuzdan salaraq daima tənqid altında olacaqdır. Öz funksiyaları daxilində, müstəqil qərar verə bilən strukturların mövcud olmadığından, biz bu tənqidi halı, gündəlik olaraq seyr edirik. Ali Rəhbərlik, hər şeyi öz üzərinə yükləməməli, cavabdeh rolundan sorumçu roluna keçməlidir.

Allah Azərbaycanımızı qorusun!
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az