İcra başçısına 300 min manatlıq rüşvət- İTTİHAMI
Kəlbəcər köçkünü Əli Bayramov rayonun icra başçısı Aqil
Məhərrəmovu ondan külli miqdarda rüşvət almaqda ittiham edir. O iddia
edir ki, başçı rüşvət kimi aldığı pulu qaytarmamaq üçün oğlu Qalib
Bayramovun həbsinə nail olmaq və bununla onu puldan imtinaya məcbur
etməyə çalışır. Ə.Bayramov deyir ki, icra başçısı onu aldadıb
pulunu əlindən alana qədər köçkün rayon sakinləri arasında imkanlı
şəxslərdən hesab olunub.Hazırda isə çörək almağa belə pul tapmır.
Bildirir ki, hazırkı duruma onu icra başçısı Aqil Məhərrəmov salıb.
Ə.Bayramov prezident İlham Əliyevə, millət vəkili Mehriban xanım
Əliyevaya, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevə, baş
prokuror Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi
Kamran Əliyevə, milli təhlükəsizlik naziri Eldar Mahmudova, millət
vəkili Cavid Qurbanova ünvanladığı məktubunda yazır: "Oğlum
Qalib Bayramov 2006-cı ilin oktyabrında Dövlət Sosial Müdafiə Fondunun
Kəlbəcər rayon şöbəsində məsləhətçi kimi işə başlayıb. İşlədiyi müddətdə
heç bir hüquq pozuntusuna yol verməyib. Yaxşı işinə və yerli kadr
olduğuna görə Elşən Əlizadə tərəfindən daim irəli çəkilib, hazırda isə
həbs olunmaq təhlükəsi ilə üz-üzədir.
Bunu yaradan səbəblər isə aşağıdakılardır: DSMF-nin
Kəlbəcər rayon şöbəsinin müdiri 2013-cü ilin sentyabr ayında dünyasını
dəyişdi. Boş qalan həmin vəzifəyə ən real namizəd mənim oğlum idi. Bu
barədə yerli camaat da söhbət edirdi, rayonun rəhbərliyi səviyyəsində də
danışılmışdı. Bu ürək açan, hər bir atanı sevindirə biləcək xəbəri
eşitmək mənim üçün qürurverici idi. Bu xəbərlər dolaşan vaxt günlərin
birində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məhərrəmov məni
qəbuluna çağırdı. Aqil müəllim məni mehriban qəbul edib oğlum haqda xoş
sözlər söyləməsi deyilənləri təsdiq etdi. Oğlumun DSMF-nin Kəlbəcər
rayon şöbəsinə müdir təyin edilməsinin reallığına tam əmin oldum. Bunun
üçün nələr etmək lazım olduğunu Aqil müəllimdən soruşdum. Məni ”başa”
saldı, bildirdi ki, yuxarılardakıları razı salmaq, oğlumun təsdiqi üçün
"nəsə” etməlisən.
Mən bu "nəsə”nin nə qədər olacağını soruşdum. Aqil müəllim
məndən 90 min manat gərək olduğun bildirdi. "Fikirləşərəm” deyib Aqil
müəllimin qəbulundan çıxdım. Bütün əmlakım gözüm önünə gəldi. İstənilən
məbləğ də az deyildi. Bir neçə günün içində 70 min manat düzəldib
başçısı Aqil Məhərrəmovun qəbuluna gəldim. Gətirdiyim 70 min manatı Aqil
müəllimə verdim.
Aqil müəllim pulun azlığından şikayət edib qalanının da
tezliklə çatdırılmasını tapşırdı. Bu minvalla Aqil müəllim hər 5-10
gündən bir mənə qalığın çatdırılmasını, bir az da üstünün düzəldilməsinı
tapşırırdı. Birinci dəfə istənilən 90 min manatın qalığı 20 min manatı
aparanda evdə də 10 min manat saxlamışdım. Aqil müəllim narazılıq
edəndə 10 min manat da gətirə biləcəyimi deyib, icazə alıb çıxdım. Aqil
müəllimə bu pulu da gətirib verib, vaxt-vədəni gözləməyə başladım. Bir
müddətdən sonra Aqil Məhərrəmov məni qəbuluna çağırtdırıb hər şeyin həll
olunduğunu, yuxarılardan kiminsə iştahasının böyük olduğundan əmrin
gecikdiyini söylədi.
Buna görə 50 min manat da gətirməyi söylədi. Hər dəfə Aqil
müəllim pulu aldıqca yuxarıdakıların ünvanına elə hey asıb-kəsir, söyüş
söyməkdən belə çəkinmirdi. Bir neçə gündən sonra deyilən 50 min manatı
da Aqil Məhərrəmova çatdırdım. Bir müddətdən sonra eşitdim ki,
Gürcüstanda şübhəli ali məktəbə qəbul olunan, sonradan Gəncədəki ali
məktəblərin birində təhsil almış Elşən Əlizadə adlı biri DSMF-nun
Kəlbəcər Rayon Şöbəsinə müdir təyin olunub. Bu barədə Aqil Məhərrəmova
danışdım, məsələnin niyə bu cür alınmasını soruşdum. Aqil müəllim məni
arxayın etdi ki, bu müvəqqətidir. Bu yandan da təzə müdir Elşən Əlizadə
oğluma bildirib ki, bu yer sənlikdir, mən müvəqqəti bura təyin
olunmuşam. Oğlumsa öz yeni müdirinə bildirib ki, mənim heç o yerdə gözüm
yoxdur, əl-ələ verək işləyək. Prosesin bu cür aldadıcı manevri məni bir
az sakitləşdirdi”.
Məktub müəllifi yazır ki, sonradan bilib ki, bu oğluna cinayət işi başlanılması üçün bir oyun olub: "Verdiyim
150 min manatın istənilməməsi üçün yeni müdir oğlumun işlədiyi dövr
ərzində pensiya təyinatı üçün sənədlərini hazırladığı şəxslərin işlərini
təftiş etdirib, onların pensiyasını dayandırmaqla, oğlumun əleyhinə
ərizələr toplayırmış. Bir gün məni çağırıb oğlum haqda topladığı
sənədləri göstərdi, bunları rayon prokurorluğuna göndərəcəyini bildirdi.
Bunun prokurorluğa göndərilməməsi üçün məndən 100 min manat pul istədi.
Mən əlimdə, ovcumda olan, bütün malımı, mülkümü satıb icra başçısı Aqil
Məhərrəmova verdiyimi səmimi ona danışdım. Elşən Əlizadə elə oradaca
mənə bildirdi ki, bəs onda niyə Aqil Məhərrəmov ona bu sənədlərin
toplanıb prokurorluğa verilməsin tələb edib? Bu sual qarşısında aciz
qaldım. Aqil Məhərrəmovun qəbuluna getdim. Lakin məni qəbula
buraxmadılar. Elşən Əlizadə isə məsələni tezliklə həll etməsəm,
sənədləri prokurorluğa verəcəyi ilə məni təhdid etdi. Məcburiyyət
qarşısında qalıb ailə üzvlərimin, yaxın qohum və tanışların adına
banklardan kredit götürüb 80 min manat düzəldib DSMF-nun Kəlbəcər rayon
şöbəsinin müdiri Elşən Əlizadəyə verdim. Lakin bir gün Elşən Əlizadə
oğluma bildirdi ki, DSMF-nin müdiri Elman Mehdiyev şəxsən özü tapşırıb
ki, adı prokurorluqda hallanan işçinin mənim idarəmdə qalması yol
verilməzdir. Mən işi prokurorluğa göndərib səni də işdən azad edəcəm.
Mən bu proseslər zamanı Mehriban Əliyevayaya, Baş Prokurorluğa məktub
yazıb, teleqramın vurmuşdum. Buna görə də Respublika Prokurorluğunda
izahatım alınıb, dindirilmişdim. Verdiyim pulların qaytarılması üçün
cəhd etdikcə ailəmə təhdidlər artırdı. Oğlumun həbs ediləcəyi,
öldürüləcəyi təhdidləri ara vermirdi. Lakin yenə işin sakit həll
olunması üçün istənilən məbləği ödəməyə belə gedirdim ki, təki sakitlik
olsun, Aqil Məhərrəmova verdiyim pulu geri alım. Bütün bunlardan sonra
dövriyyəyə rayon prokuroru Ariz müəllim buraxıldı. Ariz müəllimə 90 min
manat pul verdim ki, sakit olsunlar. Lakin bunlar məndən əl çəkmədilər.
Bu işlə bağlı 300 min manatdan yuxarı xərcim çıxıb”.
Məktub müəllifi səlahiyyət sahiblərinə müraciətində yazır ki, ondan
rüşvət şəklində alınan pulları əmlaklarını, 600 baş qoyunu, 30 baş
inəyi, 3 atı, 2 avtomobili, 1 ət mağazasını, bütün şəraiti olan evini
satmaqla, 30 nəfərdən çox qohum, qonşu, dost-tanış adına müxtəlif
banklardan hər birinin adına götürdüyü kreditlər hesabına toplayaraq
verib: "Bu özbaşınalığa son qoyulması, mənə dəymiş ziyanın
ödənilməsi, bu hadisələri başıma gətirənlərə qarşı cinayət işinin
başlanmasını xahiş edirəm”.
Ə.Bayramov adlarına kredit götürdüyü yaxınlarının ad-soyadları olan siyahıları da təqdim edib.
(Musavat.com)