İki general vəzifədən azad edildi
"Dünən ölkə başçısı Silahlı Qüvvələrlə bağlı çox
mühüm qərarlar qəbul edib. Onların içərisində ən çox diqqəti cəlb edən
isə onun bir sıra vəzifəli şəxsləri yol verdikləri ciddi qanun
pozuntularına görə tutduqları postdan uzaqlaşdırması və sərt xəbərdar
etməsi olub”.
Bu açıqlamanı özünün Facebook səhifəsində hərbi ekspert Üzeyir Cəfərov paylaşıb.
Ü.Cəfərov bildirib ki, vəzifəsindən azad edilən generalların əməlləri
dövlət başçısının göstərişinə əsasən Milli Təhlükəsizlik Nazirliyinin
əməkdaşları tərəfindən hərtərəfli yoxlandıqdan sonra onlar barəsində
qərar qəbul edilib.
"Ölkə başçısı Müdafiə Nazirliyinin bir
qrup vəzifəli şəxslərinə sonuncu xəbərdarlığını edib. Onlara müdafiə
naziri, general-polkovnik Zakir Həsənovun apardığı müsbət işlərdə dəstək
olmağı, ona ordunun döyüş hazırlığının yüksəldilməsində, zabit və
əsgərlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması işlərində yardımçı
olmağı, hərtərəfli kömək göstərilməsini bir vəzifə olaraq tapşırıb. Onu
da qeyd edim ki, müdafiə naziri özü şəxsən korrupsiya və rüşvətxorluq
hallarına yol vermiş şəxslərlə bundan sonra bir yerdə xidmət keçməyin
mümkün olmadığını bütün şəxsi heyətə bir daha çatdırıb”-deyə Ü.Cəfərov
bildirib.
Hərbi ekspert vəzifədən çıxarılan generalların kimliyini də qeyd edib:
"Ali Baş Komandan İlham Əliyevin qərarına əsasən, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor
Mirzə Almasov yol verdiyi ciddi qanun pozuntularına və nöqsanlara görə tutduğu
vəzifədən azad edilib. Həmçinin Sİlahlı Qüvvələrin Baş Hərbi
İnspeksiyasının rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor
Fəxrəddin Cəbrayılov da tutduğu vəzifədən kənarlaşdırılıb.
Çox yaxşı haldır ki, Ali Baş Komandan bundan sonra da özbaşınalığa və
qanun pozuntusuna yol vermiş hər kəsi kimliyindən asılı olmayaraq ən
sərt şəkildə cəzalandıracağını bəyan edib. Yəqin ki, ordu sıralarında
olan bəzi rəhbər vəzifəli şəxslər üçün də prezidentin dünənki addımı bir
siqnal rolu oynayacaq.
Azərbaycanın Silahlı Qüvvələrində sağlam,
savadlı və hərtərəfli hazır rəhbər şəxslər olmalıdır. Kim ki, qanunla
ona verilmiş səlahiyyətlərdən sui-istifadə edir, Silahlı Qüvvələrimizin
döyüş ruhuna öz çirkin əməlləri ilə xələl gətirir, onların yeri yəqin
ki, başqa məkan olacaq” – deyə Ü.Cəfəov vurğulayıb.
Xatırladaq ki, ötən ayın sonlarında Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Hərbi Hava Qüvvələri şöbəsinin baş zabitləri - 1974-cü il təvəllüdlü
Seymur Sahib oğlu Ağayev və 1973-cü il təvəllüdlü
Ələsgər Mail oğlu Musayev Cinayət
Məcəlləsinin 311.3.1-ci (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup
şəxs və ya dəstə tərəfindən törədildikdə), inspeksiyanın planlaşdırma
şöbəsinin baş zabiti, 1976-cı il təvəllüdlü
Rövşən Mikayıl oğlu Məmmədli isə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma - külli miqdarda
törədildikdə) maddələri ilə həbs ediliblər. Rəsmi məlumata görə, onların
hər biri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində
məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd
edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki,
inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol
verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi
rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb və toplanmış
materiallar qanuna müvafiq tədbir görülməsi üçün Azərbaycan
Respublikasının Baş Prokurorluğuna göndərilib.
Həmin materiallar
əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya
qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb və hazırda
istintaq aparılır.

Generallar Fəxrəddin Cəbrayılov və Mirzə Almasov
Modern.az