“Qan ver, həyat xilas et!”

“Qan ver, həyat xilas et!”

"LAYF” Xeyriyyə İctimai Birliyinin təşkilati dəstəyi, "Qan ver, həyat xilas et!” deviziylə 24-25 sentyabr 2015-ci ildə, saat 19.00-da "28 Cinema”da Xeyriyyə Gecəsi keçiriləcək. Tədbirin keçirilməsində məqsəd cəmiyyətdə könüllü qan donorluğunun təbliği və irsi qan xəstəliklərinə qarşı mübarizəyə ictimaiyyətin diqqətini artırmaqdır. Son illər ölkəmizdə irsi qan xəstəliklərinin qarşısının alınması istiqamətində bir çox qanun layihələri həyata keçirilib. Xüsusilə də, bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın irsi qan xəstəliklərindən əziyyət çəkən həmvətənlərimizin müalicəsi istiqamətində gördüyü işlər ilbəil öz bəhrəsini verməkdədir.

Xeyriyyə Gecəsində "EVEREST” filminin premyerası təqdim ediləcək. Premyeraya könüllü qan donorluğunun təbliğində "LAYF” Xeyriyyə İctimai Birliyinə dəstək verən qurumlar və talassemiyalı uşaqlara qarşılıqsız qan verən "Qəhrəman Donorlar” dəvət olunublar. Xeyriyyə gecəsinin təşkilatçıları tərəfindən qan donorluğunun təbliği üçün "Everest” filminin seçilməsinə səbəb, "Everest” zirvə yürüşünün real həyatda çox çətin keçilən yol olması, eyni zamanda, filmin real hadisələrə əsaslanmasıdır.

Qeyd edək ki, irsi qan xəstələrinin yaşaması və normal həyata davam etməsi də "Everest” zirvəsinə gedən yol kimi çətindir. "Everest” zirvəsinə gedən yolda dağçılar öz komanda üzvlərinə, irsi qan xəstələri isə onların həyatlarına davam etmək üçün zəruri qan ehtiyaclarını ödəyən "Qəhrəman Donorlara” güvənirlər. Ölkəmizdə hər 8 nəfərdən birinin irsi qan xəstəliyi daşıyıcısı olduğunu nəzərə alaraq, dövlətimizin və cəmiyyətimizin xüsusi qayğısı olmadan bu xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımızın normal həyata davam etməsi mümkünsüzdür. Biz də onların öz həyatının zirvəsinə, yəni sağlam və uzun ömrə sahib olmaları üçün dəstəyimizi əsirgəməməliyik.

Xeyriyyə gecəsinə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının və özəl şirkətlərin rəhbərləri, eyni zamanda, KİV nümayəndələri və ictimai xadimlər iştirak edəcəklər.

Xeyriyyə gecəsinin baş sponsoru - "Toyota” Baku şirkəti

Sponsorlar - "Murov” Ekstremal İdman Klubu

Təşkilati dəstək - "LAYF” Xeyriyyə İctimai Birliyi, Azərbaycan Kikboksinq Federasiyası

İnformasiya dəstəyi - ATV telekanalı və 106 Fm-də yayımlanan "Çox yaşa” proqramıdır



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az