Şəxsiyyət vəsiqəsi ilə bağlı daha bir dəyişiklik - QƏRAR
Nazirlər Kabineti "Azərbaycan
Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat
sənədi kimi uçotu Qaydaları"nda dəyişiklik edilməsi haqqında” 2012-ci il
21 noyabr tarixli qərarında dəyişiklik edib.
Vətəninfo.az Strateq.az-a istinadla xəbər verir
ki, qərara əsasən, 2015-ci il dekabrından etibarən xarici ölkədə
şəxsiyyət vəsiqəsi itmiş, oğurlanmış və ya yararsız hala düşmüş,
həmçinin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş Azərbaycan
vətəndaşına, eyni zamanda onunla birgə ölkəyə qayıdan 18 yaşına çatmayan
və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan vətəndaşına
Azərbaycanın diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən ölkəyə
qayıtmaq üçün qayıdış şəhadətnaməsi verilməli idi.
Eyni hüquqlar ölkədə qanuni əsaslarla
yaşayan vətəndaşlığı olmayan şəxsə, onunla birgə Azərbaycana qayıdan 18
yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış uşağına da aid
edilir.
Dəyişikliyə görə, şəxsiyyət vəsiqəsi
itmiş, oğurlanmış və ya yararsız hala düşmüş, həmçinin şəxsiyyət
vəsiqəsinin etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşına qayıdış
şəhadətnaməsinin verilməsinə 2015-ci ilin dekabrından başlanılması
təxirə salınıb. Bu cür şəhadətnamənin verilməsinə 2017-ci il
yanvarın 1-dən başlanacaq. Bu, Azərbaycan vətəndaşlarına yeni nəsil,
elektron daşıyıcıya malik şəxsiyyət vəsiqələrinin verilməsinə 2017-ci
yanvarın 1-dən verilməyə başlanacağı ilə bağlıdır.