«Şöhrət» də səndədi, «Şərəf» də səndə
Ilham’ Quliyeva: "Dövlətim həm şərəfim, həm şöhrətimdi”
Azərbaycanın və Dagıstanın xalq artisti, Dünya Azərbaycanlıları Konqresinin Mədəniyyət Akademiyasının prezidenti, Dünya Sülh Səfiri, "Şöhrət”, "Şərəf” ordenli, Mübariz İbrahimov mükafatı laureatı, Prezident tədaudçüsü İlhamə Quliyeva haqqında oxuculara bəzi mətləbləri Vətəninfo.az olaraq çatdırmaq istərdik.
İlhamə xanımın Azərbaycan estradasına gəlişi yeni bir səhifənin təməl daşını qoydu. Azərbaycan estradasına yeniliklər gətirməklə bərabər, eyni zamanda yeni zövq, yeni dəb gətirdi. Bənzərsiz səsi ilə bərabər bənzərsiz geyimləri, zinət əşyaları, saç düzümləri ilə tamaşaçının zövqünü oxşadı. Tamaşaçı hər zaman sevdiyi və özünə ideal saydığı sənətkarı efirdən axtarmağa bağladı. Artıq yarım əsrdir ki, sənətkar tamaşaçıların ruhunu oxşayır. Təkcə Azərbaycanda deyil, Azərbaycanın hüdudlarından kənarda da Azərbaycan estradasını, milli musiqimizi şərəflə təbliğ edib. Bu gün də sənətkar yorulmadan öz üzərində çalışır. Bütün varlığı ilə dövlətini sevən, dövlətçiliyə sədaqətlə xidmət edən, dövlətimizin uğurlarını paylaşmağı bacaran vətənpərvər Azərbaycan vətəndaşıdır. Azərbaycan ordusunu sevərək hər zaman əsgərlərin görüşündə olan sənətkarın şəxsi təşəbbüsü ilə Müdafiə Nazirliyinin birbaşa dəstəyi ilə qurumun Şəmkir korpusunda verdiyi iki saatlıq möhtəşəm canlı konsert əsgərlərin döyüş ruhunu yüksəltdi. Bu gün də həmin əsgərlər sənətkarın səsindən ilham alaraq ən qaynar bölgələrdə düşmən hədəflərini məhv edirlər.
Milli qəhrəman Mübariz İbrahimovun ailə üzvləri ilə Biləsuvarda görüşü, ailənin problemləri ilə maraqlanması iki ailə arasında ailəvi dostluğun təməlini qoydu.
"Mübariz İbrahimov adına mükafatı cəngavər eloğlumuzun atası Ağakərim İbrahimovun mənə təqdim etməsi mənim üçün ən böyük qiymət, dəyər idi. Hər zaman çalışacağam ki, sənətimizin Mübarizi olub düşmənləri məhv edim”.
Azərbaycan estradasına şərəflə xidmət edən sənətkar dövlətimiz tərəfindən qiymətini alıb. O, ölkə başçısının sərəncamı ilə Azərbaycan musiqisinə verdiyi töhfələrə görə "Şöhrət” və "Şərəf” ordeni ilə təltif edilib. İllərlə qazanılan şöhrət və şərəf rəsmiləşərək bir orden kimi sənətkarın sinəsindədir. Bu onun halal haqqıdır. Xoşbəxt sənətkar odur ki, xalqın sevgisi və xidmətləri nəzərə alınaraq o, dövlət tərəfindən qiymətləndirilir. Təbii ki, İlhamə xanımın əldə etdiyi uğurlar, illərin ötməsinə baxmayaraq dəyişməz, gözəl qalması çoxlarını qıcıqlandırır. Ancaq sənətkarın daxilən saflığı, əlçatmazlığı, sözünün kəsəri, nüfuzu bu qısqanclığı yaradanları daha da artırır. Çünki onların İlhamə zirvəsinə ucalmaları üçün illər lazımdı. Onu isə halal zəhmət və sənətlə qazanmaq gərəkdi. Sənətində yüksəlişləri olmayanlar o zirvəyə doğru addımlaya da bilməzlər.
Bilməyənlər də İlhamə Quliyevanın adını çəkəndə hansı məsuliyyətin altına girdiklərini dərk etməlidir. Çünki söhbət sənətkar, yaşayan əfsanə İlhamə Quliyevadan gedir.
"Xoşbəxtəm ki, Azərbaycan qızıyam. Bu dövlətin vətəndaşıyam. Dövlətimdən gözəl dövlət, rəhbərimdən güclü rəhbər görmürəm. Yaşasın dünyaya səs salan Azərbaycan”.
Vətəninfo.az