Tarixçi alim Prezidentə SƏSLƏNDİ: “Azərbaycan tarixi”i sıradan çıxarılır

Tarixçi alim Prezidentə SƏSLƏNDİ:  “Azərbaycan tarixi”i sıradan çıxarılır

Dilavər Əzimli
Tarixçi alim

Neçə illərdir ki, Azərbaycan tarixinə qarşı hansısa qüvvələr tərəfindən birbaşa xəyanətlərə yol verilir.  İlk olaraq orta məktəb dərslikləri yaman günə salındı. Təhsil sahəsində orta məktəb dərsliklərinin başına min oyun açdılar. Bununla paralel Ali məktəblərdə də öz işlərini gördülər. Müstəqillik əldə etdikdən sonra Ali məktəblərdə tarixin tədris saatlarını müqayisə etsəniz, yazdıqlarıma bir daha əmin ola bilərsiniz.  Hələ SSRİ dövründə biz Bakı Dövlət Universitetində "Azərbaycan tarixi”ni üç il keçirdik. Sonra iki il də ixtisas kursu olurdu. Buna görə bu gün bu cür hazırlığıma görə məhz o dövrə minnətdaram. Bəs indi nələrə baş verir?

Tarix sahəsində ən uğursuz  dövr məhz sabiq Təhsil naziri, indiki Xarici İşlər naziri Ceyhun Bayramovun dövrünə düşür. Allah eləməsin, bu cür fəaliyyətini orada da davam etdirsin. Onda ora da bərbad günə düşər. Onun dövründə  tarixin, xüsusilə də "Azərbaycan tarixi”nin tədrisində saatlar ildən-ilə azalmağa başladı.  Bu il isə lap əndazəni aşdılar. Qeyri-ixtisas fakültələrində "Azərbaycan tarixi” fəninin adını dəyişdirərək  "Azərbaycanın müstəqil dövlətçilik tarixi” qoyub, tədrisi də 1918-dən bu yana nəzərdə tutdular. 

Doğrusu, bunu edənlər, bu layihə üzərində işləyənlər kimlərdir, adlarını açıqlamırlar.  Sadəcə, bu cür layihələri tez-tez tarix fakültələrinə, yaxud da kafedralarına göndərirlər. Əslində, "Azərbaycan tarixin”in tədrisi strateji məsələdir. Hətta bunu Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışlarında dəfələrlə bildirmişdir. Qeyd etmişdir ki, biz tariximizi olduğu kimi və obyektiv öyrənib, tələbələrə, əhaliyə çatdırmalıyıq. Ölkə başçısı bütün çıxışlarında tariximizin əhəmiyyətini xüsusi olaraq qeyd edərək,  erməni yalanlarının dünyanı bürüdüyü bir vaxtda onun öyrədilməsinin vacibliyini xüsusi vurğulayır. Qəribədir ki, bizim Təhsil nazirliyi ekspertləri, onu rəhbərliyi başda olmaqla sanki bu çıxışlara əhəmiyyət vermirlər. Yadınızdadırsa, qeyri-ixtisas fakültələrində "Azərbaycan tarixi” fənninin tədrisini azaldıb 45 saat etmişdilər. Biz Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq bununla bağlı Azərbaycanın dəyərli tarix üzrə alimlərini yığıb onlayn konfrans keçirdik. Bildirdik ki, Azərbaycana münasibətdə Avropa təhsil sistemini tətbiq etmək olmaz. Çünki onlarda fərqli münasibətlər vardır. Bizim təhsil ekspertləri isə Avropa təhsil sistemini necə var bizə tətbiq edirlər. Bununla bağlı imza kampaniyası da apardıq. Bundan sonra Təhsil nazirliyi qeyri-ixtisas fakültələrində "Azərbaycan tarixi” fəninin saatlarını 60 saata qaldırdı, amma yenə də qədim və orta əsrlər, yeni tarixin tədris olunması nəzərdə tutulmurdu, yalnız Azərbaycanın müasir dövlətçilik tarixinin tədris olunması nəzərdə tutulur. Hələ bu azmış kimi Təhsil nazirliyi Ali təhsil ocaqlarının tarix fakültələrinə və kafedralarına yeni layihə göndəribdir. Bu layihədə isə lap quşu gözündən  vurublar. Təsəvvür edin ki, "Azərbaycan tarixi” fənninin tarix fakültələrində saatları 315 saatdan 210 saata endirilmişdir.

 Eyni zamanda, ən böyük zərbəni "Türk xalqları tarixi”nə də vurublar. Burada tədris 195 saatdan 75 saata endirilmişdir. Bunun müqabilində isə ingilis dilinin saatları astronomik səviyyədə artırılmışdır.  Dil öyrənmək lazımdır, amma başa düşmürəm, biz tutuquşular yetişdiririk, yoxsa mütəxəssislər?  Bu gün "Azərbaycan tarixi” və "Türk xalqları tarixi”nə olan bu hücum əslində Azərbaycan və Türk tarixinin sıradan çıxarılmasına yönəldilmişdir. Buna ayrı ad vermək mümkün deyildir. Təsəvvür edin ki, Türk  xalqlarının tarixi dünyada ən zəngin tarix sayılır. Vaxtilə SSRİ dönəmində biz Əmir Teymuru belə əməlli-başlı tanımırdıq. Onda qala ki, Böyük Mete, Orxan-Yenisey abidləri, yaxud  Hun dövrü, Hundan əvvəlki dövr, Türk tarixində Azərbaycan və Anadolunun yeri... Bunları bizə öyrədirdilərmi? Əlbəttə öyrətmirdilər. Orta məktəblərdə nazik bir "Azərbaycan tarixi” kitabı var idi. O da başdan-ayağa Azərbaycan və Türk dünyasının əleyhinə idi. İndi də eyni vəziyyət təkrar olunur. Vaxtilə. M.Ə.Rəsulzadə yazırdı ki, Əliheydər Qarayevin Azərbaycana münasibəti Vartazların münasibətindən fərqlənmir. İndi də baxın, bizdə olan vartazlar tariximizin üzərinə hücuma keçdi. Tovuz rayonunda baş verən düşmən hücumu zamanı ölkəmizdə nə qədər "erməni sevdalılar” üzə çıxdı. Saxta informasiyalar yaymaqla cəmiyyəti çaşdırıb erməninin xeyrinə işləyirdilər. Ermənilər bütün dünyaya saxta tarixlərini həqiqət kimi yayırdılar və çəkdikləri cızğı filmlərində bizi qoyun kimi nadan təsvir edirdilər. Bizim Təhsil nazirliyinin rəhbərliyi və ekspertləri bunlara baxmayıbmı?  Onların qabağına  kimlər çıxacaqdır? Yalnız ingilis dilini bilən və tutuquşu kimi danışan, amma tarixdən xəbərsizlər?  

Cənab Təhsil nazirliyinin ekspertləri sizlərin sayəsində bu gün tarix üzrə təhsil alan tələbələrin nə mənbəşünaslıqdan, nə də tarixşünaslıqdan xəbərləri yoxdur. Onların yaratdıqları tarixə dair Whatsapp qruplarında bunun şahidi oluram. Mənbədən xəbərləri yoxdur. Çünki saatları o qədər azaltmısınız ki, onlara mənbə və ədəbiyyatları öyrətmək mümkün deyildir. 

Bir də unutmayın ki, tarixin saatlarının azaldılması dövlət məsələsidir. Bunun üçün AMEA  A.A.Bakıxanov adına Tarix İnstitutu, Ali məktəblərin tarix üzrə alimləri, orta məktəb tarix müəllimləri ilə oturub müzakirə etməliydiniz. Sizsə, bir qrup yaratmısınız və gündə bir layihə göndərirsiniz. Bir də imkan verin bu pandemiya bitsin də... Bu basabasda bu narazılıqları niyə yaradırsınız? Ən azı bu layihələri sonraya saxlaya bilərdiniz. Ümumiyyətlə isə, tarixin saatların azaldılması mövzu ola bilməz. Sadəcə, müəyyən dəyişiklikləri mütəxəsislərlə  birgə müzakirə etməlisiniz.

Buradan üzümü bütün tarix üzrə mütəxəsislərə, orta məktəb tarix müəllimlərinə tuturam: Gəlin qurultay səlahiyyətli bir onlayn konfrans keçirək və işçi qrup yaradaq. Bu işçi qrup ilk olaraq Təhsil nazirliyinin rəhbərliyi ilə görüşsün və açıqlama istəsin,  bir nəticə olmasa Azərbaycan Prezidenti cənab İlham Əliyevlə, yaxud da vitse-Prezident xanım Mehriban Əliyeva ilə görüşsün. Bu olduqca ciddi məsələdir. Biz müstəqil dövlətimizdə tariximizi daha dərindən tədris etməli və güclü tarixçilər yetişdirməliyik. Bu mənada ciddi hərəkətə keçməli və bunun qarşısını almalıyıq.  

Buradan həm də üzümü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və vitse-Prezidenti xanım Mehriban Əliyevaya tutaraq bu məsələdə bizləri dəstəkləməyə çağırıram!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az