Tədqiqatın nəticələri açıqlandı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin mütəxəssislərinin iştirakı ilə Tufandağ buzlağını tədqiq
etmək üçün ekspedisiya təşkil edilib.
Nazirliyin mətbuat xidmətindən
Vətəninfo.az-a bildiriblər ki, 3755 metr
yüksəklikdə aparılmış tədqiqatlar nəticəsində ötən illərlə müqayisədə
buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da
sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünün
artdığı, buzlaq dilinin 10-13 metr geriyə çəkildiyi, buzlaq dilindən
çıxan Mahmuddərə çayında suyun səviyyəsinin artdığı müəyyən olunub.
Buzlağın parametrləri, koordinatı GPS və Lazer məsafə ölçəni ilə təyin
edilib.
Qeyd edək ki, Tufandağ buzlağı Tufan zirvəsindən şimal istiqamətdə
yerləşir və ərazinin ən böyük buzlağı hesab olunur. Ərazidə yerləşən
buzlaq ağırlıq qüvvəsinin təsiri ilə şimal istiqamətində hərəkətə
meyillidir və əksər hallarda asılı şəkildə dayanır. Morfoloji tipinə
görə Tufandağ buzlaqları kar və asılı buzlaqlardır.
Bildiririk ki, iqlimdə baş verən istiləşmə və ya soyuqlaşma özünü
buzlaqların sahəsinin dəyişməsində çox tez büruzə verir. Başqa sözlə,
buzlaqlar qlobal iqlim dəyişmələrinin əsas indikatorudur və bu
dəyişmələri əyani görmək üçün unikal obyektlər, həmçinin şirin su
ehtiyatlarıdır.
Xatırladaq ki, Azərbaycan ərazisində buzlaqların öyrənilməsinə ötən
əsrin 30-cu illərindən başlanılıb. Bu illər ərzində təşkil olunan
ekspedisiyalar nəticəsində ölkəmizin Böyük Qafqaz regionunda yerləşən
buzlaqları tədqiq edilib. Lakin ötən əsrin 70-ci illərindən sonra
Azərbaycan ərazisində buzlaqların öyrənilməsi tədricən dayandırılıb,
köhnə ölçü işlərinin əksəriyyəti isə saxlanılmayıb.
Respublikamızda buzlaqların öyrənilməsinin yeni dövrü 2009-cu ildən
başlayır. Belə ki, 27 dekabr 2008-ci il tarixində ölkə prezidenti İlham
Əliyevin "Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin
kompleks hidrometeoroloji və ekoloji tədqiqatı ilə bağlı tədbirlər
haqqında” Sərəncamından sonra Tufandağ buzlağına ekspedisiyalar təşkil
olunmağa başlanıb.
Qeyd edək ki, tədqiqatların məqsədi qlobal iqlim dəyişmələrinin – qlobal
istiləşmənin Azərbaycandakı buzlaqlara və buzlaqlarla qidalanan
çayların su ehtiyatlarına təsirinin qiymətləndirilməsidir. Buzlaqların
dəyişmə dinamikasını müəyyənləşdirmək üçün oxşar tədqiqatlar hər il
davam etdiriləcək və aparılan ekspedisiya işləri buzlaqların kütlə
balansının hesablanmasına imkan verəcək.
Hazırda ərazidəki meteoroloji şərait Şahdağ, Tufandağ və Şah düzündə
quraşdırılan avtomat meteoroloji stansiyaların köməyi ilə müşahidə
olunur.