General Bərxudarovu sevmək üçün azərbaycanlı olmaq kifayət edir

General Bərxudarovu sevmək üçün azərbaycanlı olmaq kifayət edir

Sosial şəbəkələr və bir də "sosial media" günümüzün gündəmin dəyişəcək qədər bəlaya çevrilib. Əlində telefon, qarşısında manitor olan hər kəs "tutdu-tutmadı" - kimə nə gəldi yazır. Xüsusi ilə də hazırkı dövrü nəzərə alsaq hərbidən yazan sosial "hərbi jurnalistlər"imizin, "Hərbi ekspertlər"imizin sayı günü-gündən ildırım sürəti ilə artır. Həmin onlar ölkənin yüksək rütbəli zabitləri haqqın, döyüş əməliyyatları haqqında yazılar yazıb , müzakirələr aparırlar. Hətta hərdən bu müzakirə lap general səviyyəsinə də qalxır. Baxmayaraq ki, söhbət hansı zabitimizdən və hansı məqamda gedir...

Keçək işin "Mustafasına"...

Deməli "İnstagram" sosial şəbəkə səhifələrinin birində general-mayor Mayıs Bərxudarovun şəkli paylaşılıb və altından qeyd edilib: "Azərbaycanın ilk döyüş generalı, Mais Bərxudarov".

Gülməyim tutur...

Ona görə ki, bunu yazan adam heç silahlı qüvvələrimizin generalının adını doğru-düzgün yaza bilmir. Deməli tanımır və hardansa , hansısa hərbi ilə yaxından uzaqdan əlaqəsi olmayan adamdan eşidib və cumub klaviaturanın canına... Öz aləmində yaxşılıq etməyə çalışıb.

Təbii ki müəllifin özü ağılda olanlar şərh bölməsində sağlıqlar deyib, badə qaldırıb. Necə deyərlər "Oğlan evində toydur, qız evinin xəbəri yox"... Amma, ancaq və lakin bir çox hərbidən anlayışı olan istifadəçilər haqlı olaraq Azərbaycanın Əfqanıstandan ta Qarabağa qədər döyüş yolu keçmiş generalların adını yazırlar. Müzakirələr mübahisələrə gətirib çıxarır və bir zabitin şəklinin altında ona layiq olmayan yazışmalar başlayır.

Hazırda ordu birliyinin komandrliyi kimi məsuliyyətli və tarixi vəzifəni icra edən zabit haqqında doğru olanı - onun olanı yazmırlar. Və... Bu da bəzi mübahisələrə, xoşagəlməz ifadələrin səslənməsinə yol açır. Xoşagəlməz dedikdə elə o xoşagəlməz ifadələrin sahibi də öz ifadələri qədərdir və artıq deyil. Bəli, Mayıs Bərxudarov birinci Qarabağ savaşında zabit olmayıb. Amma, bu onun günahı deyil. Onun günahı deyil ona görə ki, zəhmətkeş Şükür kişinin Mayıs adlı vətənpərvər övladı dünyaya dörd-beş il gec gəlib. Əmin olun elə olsaydı, həmin adını çəkdiyim valideyn ya ŞƏHİD ATASI olardı ya da QAZİ...

Ona görə ki...

Mən komandiri şəxsən tanıyıram və onun Vətən sevdasına , AZƏRBAYCAN sevgisinə şəxsən bələdəm. Qismət deyək... nə Şəhid olub, nə də qazi. General olmaq varmış alın yazısında.

Hər bir zabitin ən birinci arzusu general olmaqdır. Amma leytenantdan generala qədər gedən yolda heç də asan maneələr və sınaqlar gözləmir. Həmçinin haqqında danışdığım komandir də...

Hələ "Kanal13 TV"-i təmsil etdiyim illərdə millət vəkili Qənirə Paşayevanın Tovuz rayonu istiqamətində mütəmadi olaraq təşkil etdiyi hərbi vətənpərvərlik tədbirlərinın birində iştirak edəndə görmüşdüm onu. Uzaqdan-yaxından heç bir tanışlığım olmasa da duruşundan qisas gününü gözləyən , Dövlətinə , xalqına sadiq zabit kimi görünürdü, polkovnik Mayıs Bərxudarov. Zənnim yanltmadı məni: O aprel döyüşlərində əsl döyüşçü olduğunu nümayiş etdirdi. Lələtəpə yüksəkliyi onun əzmkarlığı sayəsində cəmi bir neçə saat ərzində düşməndən azad edildi və Azərbaycanın üç rəngli istiqlaliyyət bayrağı illər sonra işğal altında olan Azərbaycan torpağında dalğalandı. Bir daha enməmək şərti ilə qürurla dalğalanırıb şərəfləndirdi hər kəsi.

Lələtəpə demişkən...

Kamandir Bərxudarov ora ilk qədəm qoyacaq Azərbaycan əsgərini sevgi və ehtiramla bağrına basıb göndərdi. Arxalarınca özü getdi. Bayrağımızı öpüb gözü üstünə qoydu, şəhid əsgərlərimizə sayqı duruşunda dayandı. Əməyi olan hər kəsi öz övladı , qardaşı kimi sevdi. Məhz bu sevginin bariz nümunəsi idi ki döyüşlər gedən zaman başından yaralanan hərbi qulluqçu Elməddin Rüstəmov qanın içində Mayıs Bərxudarovun: - Əsgər, yaxşısan mı? - sualına - təzim duruşu ilə: - komandir, VƏTƏN SAĞ OLSUN! - demişdi. Şükür bu günə: müharibənin ilk illərindən fərqli olaraq Azərbaycan Ordusunun hər şeyi var. Zabiti, Silahi, yeməyi, yatağı və Onun kimi ideoloji abidəsi... O abidə ki, yüzləri, minləri sevgi və sayqı ilə idarə edir. Və bu yaranan nizam-intizam mütləq ki Laçına bayraq sancacaq.

Bəli, ola bilsin ki, O Qarabağ savaşının ilk illərində savaşmayıb. Amma, leytenant, baş-leytenant, kapitan, mayor, polkovnik-leytenant və polkovnik hərbi rutbələrini sənəgərdə qazanıb. Həmin dövr ərzində yoldaş zabitin yaşadıqları qələmə alınsa kitablara sığmaz. Ona görə ki bir kəşfiyyatçının düşmən arxasında olmasının bir saatı illərə bərabərdir. Ölüm qoxulu, şərəfli illərə...

Xülasə

Komandiri düşmən çox yaxşı tanıyır və ciddi şəkildə qiymətləndirir. Biz isə hələ də Onu olduğu kimi təqdim edə bilmir, barəsində yazdıqlarımıza görə mübahisələrə yol açırıq. Mayıs Bərxudarov haqqında şəxsi fikrim tam fərqlidir: Ondan qorxmaq üçün erməni olmaq lazımdır. Ona güvənmək və sevmək üçün azərbaycanlı olmaq kifayət edir.

O ki qaldı silahlı qüvvələrimizin zabitlərinin müqaisə edilməsinə, hamısı bir-birinə qardaşdır... Şərt o deyil bioloji qardaş olasan. İllərlə bir mətbəxdən yemək yeyib, eyni yataqxanada yatıb, bir amal üçün çalışmaq, böyük ANAMIZ olan VƏTƏNİ birlikdə qorumaq, eyni geyimi geyinmək bioloji qardaşlıqdan da üstün və müqəddəsdir.

Elgün Gəncimsoy
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az