General Qabil Məmmədovdan Qarabağ çağrışı: "Ya Qarabağ, ya ölüm!"

General Qabil Məmmədovdan Qarabağ çağrışı:

Qabil Məmmədov,
general-mayor

Əziz bacı və qardaşlar!

Baş vermiş məlum toqquşmalarda, ilk şəhidlərimizi verərək çox dəyərli oğullarımızı itirdik. Onlar vətənin, xalqın namus və şərəfini qorumaq uğrunda öz həyatlarından keçdiklərindən bizim qürur və şərəf mənbəyimizə çevrildilər. 

Başın sağolsun, Azərbaycan! 

Yaşadığımız bu gün, bizlər üçün ağlaşma günü yox, qeyrətə gəlmə, birlik günümüz olmalıdır. Çünkü illər boyu arzuladığımız müqəddəs müharibə də, erməni həyasızlığına dözməyərək öz ayaqları ilə qapımıza gəlmişdir. İlk dəfədir ki, bu gün mövcud olan daxili, istərsə də xarici hərbi-siyasi və iqtisadi vəziyyət, hərbi potensial və müttəfiqlər balansı, Qarabağla bağlı beynəlxalq aləmdə formalaşmış fikir, rəy – birbaşa bizim xeyrimizədir. Belə olan təqdirdə, bir dövlət olaraq bizə qalan odur ki, bu gözəl fürsəti əldən verməyərək torpaqlarımızın işğaldan azad olunmasında qətiyyətli addımlar ataraq gələcək nəsillərimiz üçün - qürurverici tarix yazaq, ənənə yaradaq. 

Cənab Ali Baş Komandan! 

Bildiyiniz kimi, xalqımız müharibəni qeyrətsizlikdən üstün tutduğundan, bu missiyanın icrasında tam olaraq Sizin arxanızdadır. Siz tam əminliklə "İrəli” əmrini verə bilərsiniz. Çünkü biz, xalq ölaraq, şərəfli ölümü, namus ləkəsilə yaşamağa cəhd etməkdən daha üstün tuturuq. Hətta kimi əlinə silah, kimi də əlinə daş götürməklə düşmənlə ölüm-dirim savaşına girməyə hazırdır. Biz bir millət olaraq tarixi bir imtahan qarşısındayıq. Əcdadlarımızın qəbrləri, düşmən əsirliyində fəryad edən ana-bacılarımız, tapdağ altında inildəyən Qarabağımız, səbrsizliklə şanlı Azərbaycan əsgərinin yolunu gözləyir, onun qeyrətinə ümid edir.

 Düzdür, Ali Rəhbərlik və Ordu, bütün zəruri olan addımları atır. Amma onu da qeyd edim ki, biz əsla gözləməməliyik ermənilərin bizə qarşı atacaqları addımları və onların nəticələrini. Bu bizim buraxacağımız ən böyük yanlışlıq olar. Strateji, operativ və taktiki təşəbbüs, qabaqlayıcı və qəflətənlik faktorlarından istifadə əsasında yaradacağımız vəziyyətlərlə, bizə sərf edən şərtlərimizi düşmənə diqtə etməliyik. Bircə qalır ki, Ali Rəhbərlik, milli barışıq və birlik çağrışı əsasında, dünya azərbaycanlılarını səfərbər etsin, bu işləri düşünülmüş şəkildə təşkil edərək öz üzərinə düşən tarixi missiyanı yerinə yetirsin. 

Ya Qarabağ, ya ölüm! Allah Azərbaycanımızı qorusun!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az