Naxçıvan xanlığının iki bayrağı tapılıb - FOTOLAR
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycanın Naxcıvan xanlığına məxsus olmuş iki bayragını aşkarlayıb.
Vətəninfo.az Trend-ə istinadla xəbər verir ki, Milli Azərbaycan Tarixi
Muzeyinin əməkdaşı, bayraqşünaslıq üzrə ixtisaslaşmış ilk yeni nəsil
Azərbaycan tarixçisi, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov
Rusiyanın Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olarkən bayraq
fondlarında Azərbaycanın Naxcıvan xanlığına məxsus olmuş iki bayragı
aşkar edib.
Naxçıvana aid uzun zaman ərzində yalnız 1827-ci ildə Türkmənçay
müqaviləsindən sonra naxçıvanlılardan ibarət "Gəngərli süvari
dəstəsi”nin fəxri və döyüş bayrağı, həmçinin ”Naxçıvan bəy drujinası”nın
döyüş bayrağı mövcud idi. Həmin bayraqlar rus-türk müharibəsinin
ərəfəsində azərbaycanlılardan ibarət atlı müsəlman alaylarına təqdim
olunub. Kəngərli süvari dəstəsinin döyüş və fəxri bayraqlarının üzərində
Rusiyanın dövlət gerbi, ikibaşlı qartalın təsviri var. Naxçıvan bəy
drujinasının döyüş bayrağının üz tərəfində yuxarıda qeyd olunan ikibaşlı
qartal təsvir olunur, arxa tərəfində isə aypara rəmzi əks olunur. Bu
günə kimi yalnız sözü gedən bayraqlar Naxçıvana aid tarixi bayraqlar
kimi təqdim edilirdi.
Sankt-Peterburq şəhərində Dövlət Ermitajı Muzeyinin bayraq fondunda
və arxivində Pərvin Gözəlov tərəfindən aparılmış elmi tədqiqat
nəticəsində üzə çıxarılan Naxçıvan xanlığının birinci bayrağı 1812-ci
ildə Aslandüz döyüşündə general-mayor Petr Kotlerevskiy tərəfindən
qənimət kimi götürülüb. Dövlət Ermitaj Muzeyinin arxiv sənədlərində qeyd
olunan bayraq "1912-1913-1914-ci il döyüşlərinin qənimətləri” kimi
göstərilir.
Yeni aşkar edilmiş Naxçıvan xanlığının bayrağı dördkünc formada
olaraq, uzunluğu 145 sm. eni 159 sm-dir. Morugu rəngli bayrağın yuxarı
sağ tərəfində yerləşən mavi rəngli lövhəcikdə "Bismillah”, bayrağın sol
tərəfində Qurani-kərindən 48-ci əl-Fəth surəsinin bir hissəsi yazılıb:
"Həqiqətən, biz sənə açıq-aydın qələbə verdik”. Bayrağın aşağı
hissəsində Qurani-kərimdən 2-ci əl-Bəqərə surəsinin bir hissəsi yazılıb.
Sağda ərəb qrafikası ilə "Ey rəbbimiz bizə səbr ver, bizi sabit et”,
sol tərəfdə isə "Kafirə və qövmeyə qarşı bizə kömək et” yazıları vardır.
Bayrağın orta hissəsində açıq sarı rəngli romb parça tikilib, üzərində
sarı rəngdə şir və günəş, şiri-xurşid rəmzi təsvir edilib.
Pərvin Gözəlovun elmi araşdırmaları nəticəsində aşkar etdiyi
Naxçıvanın ikinci dövlət bayrağı 1827-ci ildə xanlığın işğalı zaman
qeneral İ.Paskeviç tərəfindən qənimət kimi götürülmüşdür və bu günə
qədər müxtəlif xarici muzeylərin fondlarında "XVIII-XIX əsr müsəlman
bayrağı” kimi saxlanılır. Aşkar olunmuş Naxçıvan xanlığının bayrağı
dördkünc formada eni 144 sm, uzunluğu 178 sm-dir. Qızılı ipəkdən
hazırlanmış bayraq bir-birinə üfüqi şəkildə tikilmiş üç parçadan
ibarətdir. Bayrağın iki hissəsi bir ölçüdə, biri isə nisbətən ensizdir.
Bütün bayraqlarda olduğu kimi, bu bayraqda da sağ tərəfdən bayraq
torbacığı tikilib. Bayrağın üzərində ərəb qrafikası ilə Qurani-kərimdən
48-ci əl-Fəth ayəsinin bir hissəsi və dini şuarlarla yanaşı 6 (altı)
səkkizguşəli ulduz və nəbati elementlər əks edilir. Üst zolağın üzərində
ərəb qrafikası ilə Qurani-Kərimdən 48-ci əl-Fəth surəsinin bir hissəsi
"Allahdan kömək qələbə yaxındır, Məhəmməddən mömünlərə müjdə” yazısı
qızılı saplarla bayrağın üzərinə həkk edilib. Zolağın sol tərəfində
diqər xanlıq bayraqlarında əks olunmuş zanbaq gülü burada da parçadan
tikilib. Sağ tərəfdə biri digərinin içərisində aralarında dairəvi sədd
olan iki səkkizguşəli ulduz qızılı saplarla bayraqda yerləşdirilib. Qeyd
etmək lazımdır ki, əks edilmiş ulduz Möminə Xatun türbəsinin üzərindəki
ulduzların üslubunda tərtib edilib. Buradakı ulduzların daxilində
həndəsi elementlər açıq-aşkar görünür. Nəinki Azərbaycan xanlıqlarının
bayraqlarının üzərində, XVIII-XIX əsr Şərq dövlətləri bayraqlarında da
buna oxşar elementə rast qəlinməyib. Orta zolaqda açıq qızılı parcadan
iki tiyəli tutacağı əjdaha başı ilə yekunlaşan Həzrəti Əlinin qılıncı
(şəmşir) təsvir olunub.