Oliqarx medianı hədələyir
Bu gün da Nizami rayon Məhkəməsində ARDNŞ-in
vitse-prezidenti Mikayıl İsmayılovun "Yeni Müsavat" qəzetinə qarşı
iddiasına baxılıb. Qaynar.info xəbər verir ki, hakim Rəfael Əliyevin
sədrliyi ilə keçən prosesdə hakim çəkilişə icazə verməyib.
Musavat.com-un
xəbərinə görə, hazırlıq iclasında qəzeti hüquqşünas Vaqif Hüseyn təmsil
edib. O, bildirib ki, iddianı qəbul etmir: "Bu, söz azadlığının
pozulmasıdır".
Həmçinin, iddiaya səbəb olan
yazılarda adı çəkilən və məhkəməyə verilən vətəndaş Cavanşir Musayev də
iddianı qəbul etmədiyini bildirib.
M.İsmayılovun
iddiasına iki yazı səbəb olub: "Ağsuda vətəndaşları icarə
obyektlərindən zorla çıxarırlar", "Dövlət başçısına şikayət edən Ağsu
sakini hədələnir". Yazıda adı çəkilən şikayətçi Cavanşir Musayev də
məhkəməyə verilib.
Qeyd edək ki, M.İsmayılov
"Yeni Müsavat"ı, onun xəbərini verən "xalqxeber.az"ı məhkəməyə verib. O,
şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib
edilməsini və ondan üzr istənilməsini tələb edir.
V.Hüseyn
bildirib ki, iddia ərizəsi düzgün tərtib olunmayıb: "Ərizədə Mikayıl
İsmayılov poçt ünvanı kimi öz ünvanını göstərməyib. Biz nə bilək ki, bu,
ARDNŞ-in vitse-prezidenti olan Mikayıl İsmayılovdur?". Hakim isə onunla
razılaşmayıb və iddianı geri qaytarmayıb. Cavabdehlərdən "xalqxeber"
saytı məhkəməyə gəlmədiyi üçün proses sentyabrın 30-dək təxirə salınıb.
V.Hüseynin
verdiyi son xəbərə görə, hakim "Yeni Müsavat"ın hüquqi qeydiyyatının
Xətai rayonunda olduğunu əsas gətirərək işi baxılması üçün Xətai rayon
Məhkəməsinə göndərib.