Tanınmış alim saxlanılan general-leytenantı MÜDAFİƏ ETDİ: "Azərbaycan Bayrağı” ordeni kavaleri

Tanınmış alim saxlanılan general-leytenantı MÜDAFİƏ ETDİ:

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin rəisi, DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlunun şübhəli şəxs qismində saxlanılması ilə bağlı məlumatlara münasibət birmənalı deyil. Baş verən olay haqqında gözləmə mövqeyində duranlarla yanaşı, birbaşa generalı keçdiyi həyat yoluna görə müdafiə edənlər də var. Bu günlərdə redaksiyamıza məktub ünvanlayan tanınmış tarixçi alim, dosent Dilavər Əzimli də general-leytenantın həbsinə tam fərqli münasibət sərgiləyib. Miq.Az vasitəsilə fikirlərini çatdırmaq istəyən Dilavər Əzimlimin ünvanladığı məktubu olduğu kimi oxucuların diqqətinə çatdırırıq: 

"Bir neçə il bundan qabaq qardaş Türkiyədə bir general dostum baş verən həbslərlə bağlı həbs olundu. O zaman ona elan olunan ittihamnaməyə inanmadım. Çünki bu insan təpədən-dırnağa qədər millətini, vətənini, dövlətini sevən insan idi. Türkiyənin dövlətçilik yolunda canından keçərdi. Elə də oldu… Çox keçmədi ki, haqq yerini tapdı və azad olundu. Azad olunandan bir-iki ay sonra qardaş Türkiyəyə elmi konfransa gedəndə general dostumla İstanbulda görüşdüm. Mənə dedi ki, Türkiyədə olan mafioz qüvvələr bilirdi ki, mən millətimi, vətənimi, dövlətimi sevən insan olmaqla, ölkə başçısına çox sadiqəm. Mənim kimiləri də zərərsizləşdirmək üçün əllərinə imkan düşmüşdü. Amma arzuları ürəklərində qaldı. Ölkə başçısı həqiqəti öyrənib mənim azad olunmağım barədə əmr verdi. İndi yenə də öz vəzifəmdə çalışıram.

İndi belə bir hadisə dəyərli generalımız Əfqan Nağıyevin başına gətirilib. Onu çox yaxşı tanıyan ziyalılardan biriyəm. Onun əslini-nəslini, şəcərəsini tanıyan adam kimi deyirəm ki, bu insan Azərbaycanın ən ləyaqətli ailələrindən birinin yetirməsidir! Təpədən-dırnağa qədər millətini, vətənini, dövlətini sevən insandır. 

Hərbidə çoxlu tanışlarım vardır. Onlar bildirirlər ki, Əfqan Nağıyev ölkə başçısına ən sədaqətli generaldır. Ölkə başçısı da onun bu sadiqliyini, vətənə, millətə, dövlətə misilsiz xidmətini yüksək qiymətləndiribdir. Biz onun yüksəliş yollarına baxsaq, bunun bir daha şahidi olarıq. Cənab Prezident ona Sahil Mühafizəsinə nəzarət etməyi tapşıranda da onun məhz sədaqətini nəzərə almışdır. O, bu sahədə polkovnik-leytenant rütbəsindən general-leytenant rütbəsinə qədər yüksəlib. Ə.Nağıyev 2004-cü ildə polkovnik-leytenant ikən Sərhəd Qoşunlarının yaradılmasının 85-ci ildönümü münasibətilə "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Əfqan Nağıyev növbəti dəfə 2008-ci ildə təltif edilib. Həmin vaxt polkovnik olan Nağıyev, Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Ə.Nağıyev bir il sonra isə Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə "Vətən uğrunda” medalı ilə təltif olunub. 2012-ci ildə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi Əfqan Vəli oğlu Nağıyevə general-mayor rütbəsi verilib. 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeninə layiq görülüb. 2018-ci ilin avqustunda general-leytenant hərbi rütbəsini alıb. Onu da nəzərə alın ki, bu cür təltiflər hər insana qismət olmur. Daha sonra isə Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsinə təyin edilib. Cənab Prezident bu təyinatı edəndə də onun bacarığını və işgüzarlığını nəzərə alıbdır. Mən özüm televiziya ekranlarında onun Pakistana səfərini diqqətlə izlədim. Onun hərəkətlərindən, çıxışlarından qürur duydum. O zaman rəsmi məlumatda deyilirdi: "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Pakistan İslam Respublikasının Silahlı Qüvvələri arasında qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində Pakistan tərəfinin dəvəti ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti 8-12 fevral 2019-cu il tarixlərdə Pakistan İslam Res­publikasının Karaçi şəhə­rində keçirilən "AMAN-2019” çoxmillətli hərbi dəniz təlim­lərində müşahidəçi qismində iştirak edib. DSX-danOrdu.az-a verilən məlumata görə, 9 fevral tarixində Pakistan Hərbi Dəniz Qüvvələri, Pakistan Milli dəniz işləri İnstitutu, Dəniz siyasəti üzrə milli araşdırma mərkəzinin dəstəyi ilə 8-ci Beynəlxalq dəniz konfransı öz işinə başlayıb. Konfrans çərçivəsində Pakis­tan Hərbi Dəniz qüvvələrinin bazasında yerləşən şəhidlər abidəsinin önünə əklil qoyma mərasimi keçirilib. Xarici ölkələri təmsil edən nümayəndə heyətləri adından general-leytenant Əfqan Nağıyev fəxri qarovulun müşayiəti ilə abidə önünə əklil qoyub. Beynəlxalq dəniz konfransın işində Pakistan İslam Respublikasının Prezidenti cənab Arif Alvi, Pakistan Hərbi Dəniz qüvvələrinin Baş Qərargah rəisi admiral Zəfər Mahmud Abbasi, digər rəsmi şəxslər iştirak ediblər”.

Onun şux duruşu gözlərimin qabağından getmir. Qardaş Pakistan İslam Respublikasını çox sevirəm. Onlar həmişə Azərbaycanı dəstəkləyirlər. Bizi qırılmaz tellər bağlayır. Əfqan Nağıyevi də sanki doğma generalları kimi qarşıladılar. Əfqan Nağıyevin ölkə başçısı və hərbiçiləri ilə görüşləri ayrı bir aləm idi. Hiss olunurdu ki, bacarıqlı bir general bu səfərdə iştirak edir. Təbii ki, bu məsələdə DSX rəisi Elçin Quliyevin də seçimi çox yerində idi. Onun Pakistan Hərbi Dəniz qüvvələrinin Baş Qərargah rəisi admiral Zəfər Mahmud Abbasi ilə təkbətək görüşü diplomatik bacarığını ortaya qoyurdu. Elə buna görə də sonradan ona DSX-nın beynəlxalq əlaqələrini həvalə etdilər.

Onun bu yaxınlarda şübhəli şəxs qismində saxlanılması mənim üçün doğrudan da gözlənilməz oldu. Yadıma həmin Türkiyədəki dostum general düşdü. Sanki Əfqan Nağıyev də həmin aqibətlə üzləşibdir. Bəllidir ki, son illərdə cənab Prezident ölkədə korrupsiyaya, rüşvətə, o cümlədən buna şərait yaradan mafioz qüvvələrə qarşı müharibə elan edibdir. Atdığı bütün addımlar cəmiyyətdə birmənalı qarşılanır və insanlar bəyənirlər. Amma bu mafioz qüvvələrin də ölkə rəhbərliyində hələ də dayaqları vardır. Ölkə başçısı da bunu dəfələrlə bəyan edibdir. Təbii ki, növbə onlara da çatacaqdır. Şəxsi maraqlar naminə Vətəni qurban verməyə hazır olan bu qüvvələr təbii ki, ilk olaraq ölkədə təmiz qüvvələrə qarşı hücuma keçir və onları ləkələyərək sıradan çıxarmağa çalışırlar. Əqan Nağıyev də onların qurbanlarından birinə çevrilib. Onu tanıyanlar hamısı onun təmizliyinə, Vətənə, ölkə başçısına sədaqətinə zəmanət verirlər. Təbii ki, bu cür insanlara hücum edən mafioz qüvvələr ilk olaraq Cənab Prezidentin etimad göstərdiyi insanları sıradan çıxarmağa çalışırlar. Amma ölkədə gedən dəyişikliklər göstərir ki, onların arzuları gözlərində qalacaqdlr. Çünki tezliklə onların cəzalandırılması növbəsi gələcəkdir. Bu mənada inanırıq ki, Respublika Baş Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidməti (DTX) Əfqan Nağıyevə qarşı olan bu haqsızlığı ədalətlə araşdırıb hörmətli Prezidentimizə onun təmiz insan olduğunu bildirəcəklər. Cənab Prezident də ona yenidən etimad göstərib, bacardığı sahəni tapşıracaqdır!

Sonda bir ziyalı kimi Cənab Prezidentə müraciət edirəm ki, Əfqan Nağıyev ilə bağlı baş verən bu olayı öz nəzarətində saxlasın! Mən şəxsən Prezidentimizin bu sahədə ədalətinə inanıram!

Dilavər Əzimli,
tarixçi alim, dosent



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az