Haaqa Beynəlxalq Arbitraj Məhkəməsinin YUKOS neft şirkətinin işi üzrə çıxardığı qərar əsasında Belçika və Fransada Rusiyaya məxsus aktivlərə həbs qoyulması bu ölkəni üzücü hüquqi çəkişməyə girməyə məcbur edib.
Prezident Vladimir Putin YUKOS səhmdarlarına 50 milyard dollar kompensasiya ödənilməsinə dair Haaqa Arbitrajının çıxardığı qərarı tanımadıqlarını, Rusiyaya məxsus aktivlərə həbs qoyulmasına cavab olaraq məhkəmə prosedurlarına başlayacaqlarını elan edib.
Putin deyib ki, Rusiya Fransa və Belçikada həbs edilmiş əmlakını hüquqi yollarla müdafiə edəcək. Eyni zamanda Putin bildirib ki, Rusiya Haaqa Arbitrajının çıxardığı qərarı tanımır, şünki bu məhkəmənin yuridiksiyası altına daxil deyil. Onun sözlərinə görə, Haaqa Arbitrajının kompetensiyası ancaq Avropa energetika xartiyasını imzalayan və ratifikasiya edən ölkələrə aiddir.
“Rusiya bu xartiyanı ratifikasiya etməyib, ona görə də biz bu məhkəmə instansiyasının yuridikasiyasını tanımırıq və bunu müəyyən olunmuş qaydada, məhkəmə prosedurlarından keçməklə sübut edəcəyik”- deyə Putin bildirib.
Bundan əvvəl Rusiya rəsmiləri Belçika və Fransa məhkəmələrinin qərarlarına əsəbi və kəskin reaksiyalar vermişdilər. Hazırda Qərbdə Putin hakimiyyətinə qarşı müxalif kampaniya aparan keçmiş oliqarx Mixail Xodorkovski də bu hadisəyə münasibət bildirib.
Şəxsən Putinin göstərişi ilə həbs olunandan sonra 10 ilini həbsdə keçirən Mixail Xodorkovski aktivlərin tutulmasından məmnun qaldığını Facebook səhifəsində ifadə edib.
YUKOS-un keçmiş rəhbəri deyib ki, neft şirkətinin sabiq səhmdarlarının işi üzrə Haaqa məhkəməsinin hökmünün icrası ilə bağlı Rusiyanın “əsəbi” reaksiyasını izləyir.
Bundan əvvəl sabiq YUKOS səhmdarlarını təmsil edən GML şirkətinin rəhbəri deyib ki, Belçika ilə Fransada Rusiyaya məxsus aktivlərə həbsin qoyulması beynəlxalq məhkəmə qərarının icrasının başlanğıcıdır.
Mixail Xodorkovski ona məxsus payın 2004-cü ildə tərəfdaşları tərəfindən satın aldığına görə prosesdən mənfəət qazanacaq şəxslərə aid olmadığını təkrar edib. Buna rəğmən o, “bir Rusiya vətəndaşı kimi baş verənlərə səmimi sevindiyini” deyib.
“Ölkəmiz üçün bu, əlamətdar bir məqamdır. Birincisi, bu, qarətçinin nə qədər qüdrətli görsənməsindən asılı olmayaraq qarətçiliyin cəzasız qalmayacağına dair siqnaldır; ikincisi, bu, mülkiyyət haqqının möhkəmlənməsinə doğru atılmış addımdır ki, onun xaricində ölkənin davamlı inkişafına nail olmaq mümkün deyil” - deyə sahibkar Facebook səhifəsində yazıb.
Mixail Xodorkovski aktivlərin həbsindən əldə olunmuş vəsaitlərin Rusiya ictimaiyyəti üçün faydalı layihələrə yönələcəyinə ümid etdiyini bildirib.
Analitiklərə görə, YUKOS işi Rusiyaya və Putin hakimiyyətinə qarşı əməlli-başlı başağrısına çevrilir. Gözlənilir ki, daha bir neçə Avropa ölkəsi Rusiyaya məxsus aktivlərə həbs qoyacaq. Rusiya isə həbs qoyulmuş aktivlərini geri ala bilmək üçün çoxsaylı məhkəmə iddiaları qaldırmalı və üzücü hüquqi çəkişmələrə başlamalıdır.
Lakin ən pisi bu deyil. Avropadakı Rusiya aktivlərinə həbs qoyulması bu ölkədə biznesin vəziyyətinə mənfi təsir edəcək, sanksiyalardan sonra çətinləşən beynəlxalq bank əməliyyatlarını daha da qəlizləşdirəcək, digər iqtisadi fəsadlar törədəcək.
Bəs Rusiya bütün bunlara necə reaksiya verəcək? Putinin dediyi kimi, təkcə hüquqi prosedurlarla kifayətlənəcək?
Belə görünür ki, yox. Çünki Putin yaxşı nəzərə alır ki, YUKOS səhmdarlarının iddiası əsasında Rusiya aktivlərinin dondurulması həm də siyasidir, Rusiyanı iqtisadi baxımdan zəiflətmək konsepsiyasının bir hissəsidir. Deməli, Putin buna həm də hərbi və siyasi üsullarla cavab verəcək.
Bir neçə gün əvvəl Putinin Rusiyanın nüvə arsenalına daha 40 qitələrarası ballistik raketin əlavə olunacağını və nüvə başlıqlarının Rusiyaya yönələn təhdidlərə tuşlanacağı haqda bəyanatının əks-sədası hələ çəkilməyib.
Putin xəbərdarlıq edir ki, ABŞ-ın Avropa ölkələrində hərbi qüvvələr yerləşdirməsi, o cümlədən Baltik regionuna tanklar, desant qüvvələri yeritməsi cavabsız qalmayacaq. Və Rusiyanın nüvə başlıqları “soyuq müharibə” dövründə olduğu kimi Avropdakı NATO bazalarına tuşlanacaq. O cümlədən Kalininqrad vilayətində yerləşdirilmiş, nüvə başlığı daşıya bilən yaxın mənzilli “İsgəndər-M” taktiki raketləri Baltik respublikalarını və Polşanı hədəf almaq üçün nəzərdə tutulub.
Qərb siyasətçiləri və hərbi elitasının təmsilçiləri həyəcanla bu faktı xüsusi vurğulayırlar ki, heç Sovet İttifaqı da nüvə silahı ilə Rusiya kimi açıq-aşkar hədələmirdi. Gözləmək olar ki, Qərb Rusiyanı iqtisadi rıçaqlarla daha çox sıxdıqca və NATO Rusiya sərhədlərinə doğru hərbi qüvvələr cəmləşdirdikcə bu hədələr daha da artacaq.
Qərbdə bir tərəfdən nəzərə alırlar ki, Rusiyanın aqressiv hərəkətlərini cilovlamaq üçün hərbi rıçaqlardan istifadə edilməlidir, eyni zamanda ehtiyat edirlər ki, bütün bu təzyiqlər Putinin daha da sərt addımlara getməsi üçün qızışdırıcı mahiyyət daşıya bilər.
Virtualaz.org