Bank iş adamını intihara sürükləyir - "Xalq Bank"ın "manata xəyanət"indən Prezidentə şikayət olundu
Bank intiharları günü gündən artmaqdadır. Mərkəzi Bankın simvolik güzəşt təkliflərinə belə əhəmiyyət verməyən özəl banklar müştəriləri ilə əsir düşərgəsindəki əsirlər kimi davranırlar. Vaxtilə Qarabağda döyüşmüş və erməni əsirliyində olmuş iş adamı Samir Quliyev "Xalq Bank"da yaşadıqlarının Şuşa həbsxanasında çəkdiyi zülmdən betər olduğunu yazır. O,bildirir ki, bank rəhbərliyi müştərilərini təhqir edir, alçaldır, "Bandotdel" ilə hədələyir.
Samir Quliyevin Prezidentə yazdığı məktubu təqdim edirik:
Cənab Prezident!
Sizə Birinci Avropa Oyunları sevincini bizə yaşatdığınız üçün təşəkkür edirik. Təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanımız Sizin qətiyyətli siyasətiniz nəticəsində dünya dövlətləri arasında öz layiqli yerini tutmuşdur.
Azərbaycan gücləndikcə, xarici və daxili düşmənlər də bu inkişafa əngəl törətmək üçün çalışırlar. Ancaq Azərbaycan xalqı daim Sizin yanınızdadır və xalqın dəstəyini qazanan bir lider daim zəfər çalmışdır.
Cənab Prezident!
Bizim vətəndaş olaraq borcumuz Sizə dəstək verməkdir. Ölkədə hər hansısa sahədə nöqsan varsa, bunu hamıdan öncə biz görməli və onlara qarşı mübarizə aparmalıyıq. Sizə bu müraciəti etməyimə səbəb "Xalq” Bank tərəfindən vətəndaşlara qarşı aparılan səhv siyasətdir. Təəssüflə qeyd etmək istəyirəm ki, bu bankda qanunsuz olaraq, müştərilərdən kredit borclarını manatdan dollara çevirmək tələb olunur, etiraz edənlər Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin adı ilə hədələnirlər.
Xalq Bankın departament və şöbə müdirləri biznes və istehlak krediti götürmüş müştərilərini çağıraraq, manat borcunu bağlayaraq, dollar krediti götürmələrini tələb edirlər. Bunun "yuxarının əmri” olduğunu bildirərək, etiraz edilməsinin fayda verməyəcəyini bildirirlər. Hətta Avropa Oyunları üçün "iş gördüklərini” vurğulayır, bundan şantaj vasitəsi kimi istifadə edirlər.
Halbuki Konstitusiya Məhkəməsinin manatın devalvasiyasından sonra bank-müştəri münasibəti ilə bağlı çıxardığı qərara görə, banklar əhalinin maraqlarını nəzərə almalı, güzəştlər tətbiq etməli və kredit borcları müqavilədə göstərildiyi şəkildə ödənilməlidir: "xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədə müvafiq hesab edilib”.
Üstəlik, fəlakət dəllalığı edərək, "Avropa Oyunları bitdi, ölkədə xaos olacaq, manat təmiz dəyərdən düşəcək”, demək irili-xırdalı iş adamlarını Azərbaycana sərmayə qoymaqdan çəkindirmək deyilmi? Bu Azərbaycana qarşı işləmək və Azərbaycanın iqtisadiyyatını çökdürmək üçün çalışmaq deyilmi? Bütün bunlar Azərbaycana qarşı olan düşmənlərin dəyirmanına su tökməkdir. Biz iş adamları olaraq, hər zaman dövlətimizin yanındayıq. Lakin "Xalq” Bank kimi qurumlar dövlətimizə qarşı olan xainlərlə eyni tərəfdə yer alıblar.
Cənab Prezident!
Mən Qarabağda sağlamlığımı itirmişəm. Şuşa həbsxanasında Qızıl Xaç Komitəsi azad edənə qədər zülm çəkmişəm. İnanın, "Xalq Bank"ın son bir neçə ayda bizə yaşatdıqlarının yanında o zülm, o əziyyət o qədər mühüm deyil.
Xahiş edirik ki, bu özbaşınalığın qarşısının alınması, dövlətin hüquq mühafizə orqanlarının adından sui-istifadə edən, dövlət idarəsini "qoçuxana” kimi təqdim edən bu bankın fəaliyyətinin araşdırılması üçün Mərkəzi Bankın sədri Elman Rüstəmova və digər müvafiq qurumlara göstəriş verəsiniz.
Hörmətlə,
Samir Quliyev
Bakı şəhəri