Şoyqu Bakıya nəyə gəlib?- "Hər an başlaya biləcək müharibəni saxlamaq..."

Şoyqu Bakıya nəyə gəlib?-

Rusiyanın müdafiə naziri S.Şoyqunun, Ermənistana göndərilən hərbi yüklərin rus hərbi bazası üçün olduğu barədə izahı gözlənilən idi. 

Görünür, İ.Əliyevlə telefon danışığında Putin bu izahı vermişdi, ancaq "narahatlıq keçirən azərbaycan cəmiyətinə” bunu söyləmək üçün Şoyqunu şəxsən Bakıya "dəvət etdirib”. Bununla Putin Azərbaycanın Rusiya üçün önəmli qonşu və tərəfdaş olduğunu nümayiş etdirir. 

S.Şoyqu Z.Həsənovla görüşdə xüsusi vurğuladı ki, "Rusiyanın heç bir hərəkəti Azərbaycanın əleyhinə olmayıb və deyil. Rusiya regionda gərginliyin eskalasiyasında maraqlı deyil”. 

"Keçəl Həsən ya Həsən keçəl”. Rusiya Ermənistanı sevdiyindən silahlandırır ya  regionda müharibə olmasın deyə tərəflər arasında hərbi pariteti qorumaq üçün silahlandırır-nəticə eynidir, düşmənimizi silahlandırır. 

Hərbi paritetin qorunmasında məqsəd- Azərbaycanda Ermənistan üzərində qarantiyalı hərbi qələbəyə əminlik olmasın, müharibə başlatmasın. Bununla Rusiya regionda öz maraqlarını(müharibə olmasın) təmin edir, ancaq Azərbaycan ərazisinin 20% erməni işğalda qalmaqda davam edir.

Rusiya müdafiə nazirinin səfərinin digər məqsədi, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı və Türkiyənin regiona Azərbaycan vasitəsilə nüfuz etməsi ilə bağlıdır. Rusiya göstərmək istəyir ki, "Türkiyə Azərbaycana gəlsə də, mən regiondan getməmişəm, Xəzər regionu "qanuni maraq dairəm” olaraq, qalır”. 

Düzdür, məsələlərə cari kontekstdə baxsaq, Azərbaycan pandemiya şəraitində "Dəniz Kubokunda” iştirak etməkdənsə, Tovuz döyüşlərindən sonra tutduğu prinsipial xətti davam etdirməsi daha məqsədəuyğun görünür. Ancaq Azərbaycan Xəzər dənizində gücünə görə ikinci hərbi donanmaya malikdir. Milli maraqlarımız baxımından Xəzərdə hərbi-siyasi nüfuzumuzu fəal mövcudluğumuzla qorumalıyıq. Ona görə "Dəniz Kuboku"  kimi beynəlxalq hərbi tədbirlərə və görüşlərə ev sahibliyi etməyimizə, Xəzər regionunda siyasi və iqtisadi təhlükəsizlik maraqlarımızın təmini prizmasından yanaşmalıyıq. Türkiyənin Xəzərdə Rusiya ilə maraq ziddiyatı olmadığından, Rusiya ilə Xəzərdə hərbi əməkdaşlığımız Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına xələl gətirmir. 

Şoyqunun çıxışında işguzar məqamlardan biri Azərbaycanla hərbi-texniki əməkdaşlığın tezliklə fəallaşmasına ümid bəsləməsi və Rusiyada bizim mütəxəssislərimizin  hazırlamanmasını xatırlamasıdır. Rusiya narahatdır ki, Türkiyə ilə rəqabətdə silah bazarını qismən itirir.  Səfər ərəfəsində rus mətbuatında Rusiyanın Ermənistana daha dörd Su-30SM təyyarələrinin verməsinə hazır olması, "ArMİ-2020”  çərçivəsində keçirilən(Azərbaycanın da iştirak etdiyi) hərbi-texniki forumda Rusiya şirkəti ilə Ermənistan arasında, erməni Su-25 təyyarələrinin modernizasiyası kontraktının bağlanması haqqında yayılan məlumatlar Azərbaycanı məhz Rusiya ilə hərbi-texniki əməkdaşlığa "təşviq” etmək məqsədi daşıyır.    

Ancaq səfərin əsas məqsədi regionu hər an başlaya biləcək müharibədən saxlamaqdır. Müharibənin bir qığılcımdan alovlana biləcəyini Lavrov  "Trud” resursuna verdiyi müsahibədə açıq söylədi. O, Tovuz hadisələrində  Ermənistanı məsuliyətli bildi və vurğuladı ki, həmsədrlərin hazırda əsas məqsədi danışıqlar prosesini bərpa etməkdir. 

Lakin paradoks ondadır ki, danışıqlardan məhz Paşinyan imtina edir. Bu günlərdə o bəyan edib ki, "erməni-azərbaycan gərginliyi səngiməyincə, İ.Əliyevlə görüşün mümkünlüyünü istisna edir”. Deməli, Ermənistan, münaqişə zonasına aid olmayan, dövlət sərhədində Azərbaycanla eskalasiya yaradır, daha sonra isə sülh danışıqlarını davam etdirmək üçün cəbhədə sakitlik olacağına qarantiya tələb edir. Lavrov gözəl bilir ki, nəinki danışıqların, hətta danışıqlar görüntüsü limiti 26 ildə tükənib, bitib. 

Bu şəraitdə, belə həyasız avantyurist ölkə rəhbərliyi ilə Azərbaycanın danışıqlar aparmasına nə Rusiyada, nə dünya birliyində tutarlı arqument qalmayıb. Predmetli danışıqların başlanması üçün yalnız erməni rəhbərliyinə təzyiqlər artırılmalıdır, çünki gərginliyin kökü, Lavrovun da sözügedən müsahibəsində qeyd etdiyi kimi, "Qarabağ probleminin həll olunmamış qalmasındadır”.  Lakin Rusiya Ermənistanı işğalçı kimi tanımayınca, həmsədr ölkələr işğalçıya təzyiq etməyincə, predmetli danışıqlar olmayacaq, deməli müharibə ehtimalı aradan qalxmayacaq. Cəbhə xəttində(sərhəd daxil) istənilən təsadüfi hadisə genişmiqyaslı müharibəyə gətirə bilər. 

Bu zaman Ermənistan Dağlıq Qarabağla hərbi kadr rotasiyasını intensivləşdirib və  Dağlıq Qarabağda mülki əhalidən ibarət könüllü hərbi dəstələr yaradır.  
Göründüyü kimi hazırda regionda sülhdən çox, müharibəyə hazırlıq gedir.

Nazim Bayramov, 
hərbi icmalçı


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az