Zaminlikdən imtina etmək mümkündür
Vətəndaşlar bankdan kredit götürərkən ona zamin duran şəxslər
zaminlikdən imtina etmək hüququna malikdir. Amma bu haqda demək olar ki,
heç kimin- nə borc götürənin, nə də ona zamin duran şəxsin məlumatı
var. Son vaxtlar heç də hamı kredit götürən şəxslərə zamin durmağa razı
olmur. Buna səbəb öz iş yoldaşına , qohumuna və yaxınlarına zamin duran
şəxslərin sonradan problemlərlə üzləşməsidir. Yəni krediti götürən
şəxslər öz öhdəliklərini vaxtında yerinə yetirmir və nəticədə zaminlər
banklarla üz-üzə gəlir. Buna görə də hazırda özünə zamin taqmaq çox
çətindir. Artıq zamin durmuş şəxslər isə rda zaminlikdən imtina etmək
haqqında düşünürlər.
Bununla belə zaminlikdən imtina etmək heç də asan məsələ deyil.
Bank sahəsi üzrə mütəxəssis Cavid Kərimov ANS PRESS-ə verdiyi
açıqlamasında bildirib ki, zamin dəyişdirilə bilər. Amma bankın razılığı
olmaq şərtilə."Hər bir banka sağlam zamin lazımdır. Əgər müştəri ilə
zamin razılığa gələrsə, və bank buna müsbət cavab verərsə köhnə zaminlə
müqavilə ləğv edilə bilər. Amma bu zaman mütləq yeni zamin olmalıdır.
Banka zaminin olması vacibdir. Bunun kim olması isə həmin müəssisə üçün o
qədər də əhəmiyyətli deyil", - deyə Cavid Kərimov bildirib.

Cavid Kərimov - bank sahəsi üzrə ekspert
Hüquqşünas Əkrəm Həsənov da ANS PRESS-ə verdiyi açıqlamasında
zaminlikdən imtina etməyin mümkün olduğunu deyib. "Bunun bir neçə yolu
var. Məsələn,
kredit götürülən zaman imzalanan müqavilənin qanunsuz olduğu sübut edilərsə, zaminlik müqaviləsi də etibarsız sayılacaq."
Hüquqşünasın sözlərinə görə Azərbaycanda bir çox müqavilələrdə qanun
pozulub. Məsələn, Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, kredit üzrə
faizlər ildə bir dəfə tutulmalıdır. Banklar isə ayda bir dəfə tutur.
Buna görə də kredit müqaviləsi, zaminlik müqaviləsi qanunsuz və
etibarsızdır", - deyə Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, zaminin razılığı olmadan müqavilə şərtlərinin
dəyişdirilməsi də qanuna ziddir. "Mülki Məcəllənin 477.0.1-ci maddəsinə
əsasən
zaminin razılığı olmadan kredit öhdəliyi dəyişdirildikdə zaminliyə xitam verilir. Devalvasiyadan sonra isə bankların çoxu xarici valyutada olan kredit müqavilələrinin
müddətini uzadıb. Amma, zaminlik müqaviləsində bunu göstərməyib -
zaminin razılığını almayıb. Demək, həmin andan etibarən zaminlik
müqaviləsi qüvvəsini itirib", - deyən hüquqşünas qeyd edib ki, bu 2
səbəbə görə zamin banka qarşı tələb irəli sürərək məsuliyyətdən azad ola
bilər.

Əkrəm Həsənov - hüquqşünas
O, həmçinin qeyd edib ki, borcalan qədər zamin də kredit borcuna görə
bütün əmlakı ilə cavabdehdir. "Bu o deməkdir ki, hətta dünyasını
dəyişəndən sonra da həmin öhdəlik onların əmlakının üzərindədir, ailə
üzvlərinin deyil. Əgər dünyasını dəyişən zaminin əmlakı qalıbsa, borc
həmin əmlakın dəyərindən ödənilir. Bank vəfat edən zaminin ailəsindən
heç bir ödəniş tələb edə bilməz", - deyə Əkrəm Həsənov qeyd edib.
Ümumiyyətlə, bu cür problemlərlə qarşılaşmamaq üçün istər zamin duran şəxslər, istərsə də banklar diqqətli olmalıdırlar.
İnkişaf Etmiş Ölkələrdə (İEÖ) banklar kredit götürənlərlə yanaşı, zamin duran şəxslərin seçimində ehtiyatlıdırlar.
Banklar zaminin kim olduğuna diqqətlə yanaşırlar. Bank kredit götürənlə
yanaşı zamin duran şəxsi də araşdırır ki, gələcəkdə ödəniş problemi
olanda zamin öhdəliyini yerinə yetirə bilsin. Hətta bəzən bank özü zamin
cəlb edir.
Hüquqşünaslar tövsiyyə edirlər ki, gələcəkdə problemlər yaşamamaq üçün
zamin duran şəxslər də diqqətli olmalıdırlar. Zamin durduqları şəxslərin
maddi vəziyyətinə və məsuliyyətinə bələd olmalıdırlar. Ən əsası
zaminlik müqaviləsi imzalanan zaman şərtləri diqqətlə oxumalıdırlar.