​SOCAR Karbamid zavodunun maliyyələşməsi üçün saziş imzalayacaq

​SOCAR Karbamid zavodunun maliyyələşməsi üçün saziş imzalayacaq
Bu ilin sonuna kimi Sumqayıtdakı Karbamid zavodunun maliyyələşdirilməsi üçün Cənubi Koreyanın "Eximbank"ı ilə uzunmüddətli müqavilə imzalanacaq.
Vətəninfo.az "Report"a istinadla  xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib. 

O qeyd edib ki, hazırda müqavilənin imzalanması istiqamətində işlər aparılır. Onun sözlərinə görə, bu müqavilə Maliyyə Nazirliyinin zəmanəti ilə imzalanacaq. Qeyd edək ki, daha öncə zavod üçün 6 aylıq kreditləşmə həm görülən iş, həm də uzunmüdddətli avadanlıq alınması üçün cəlb olunub. "Eximbank"dan alınan bu məbləğ 150 mln. dollar həcmindədir. Qeyd edək ki, karbamid zavodunun inşası layihəsi Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı (2008-2015-ci illər) çərçivəsində həyata keçirilir. 

Bu məqsədilə SOCAR-ın "Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan 24 hektarlıq torpaq sahəsi ayrılıb və 2011-ci il 19 dekabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilib. 2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering Co. Ltd.” şirkəti arasında karbamid istehsalı zavodunun inşası məqsədilə Layihələndirmə, Satınalma və Tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində "Samsung Engineering Co. Ltd” şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək "açar təhvili” əsasında zavodu tam istifadəyə hazır şəkildə Dövlət Neft Şirkətinə təhvil verəcək. Müqavilə çərçivəsində "Samsung Engineering Co. Ltd.” zavodun tikinti-quraşdırma işlərini aparacaq, müvafiq sınaqlar həyata keçirəcək və zavodun istismarı zamanı yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə işçilərə xüsusi treninqlər təşkil edəcək. Zavodun 2017-ci ildə tam istismara verilməsi nəzərdə tutulur. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, sutkada 2 min ton karbamid istehsal ediləcək. Layihənin dəyəri vergilər nəzərə alınmadan 500 mln. avro təşkil edir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az