TQDK-dan xəbərdarlıq
Bir sıra xəbər saytlarında
TQDK tərəfindən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün
tələb olunan müsabiqə şərti ilə bağlı verilmiş məlumatlar təhrif olunub.
TQDK mətbuat mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, qeyd
olunan məlumatlarda müsabiqədə iştirak etmək üçün tələb olunan minimal
bal həddi ixtisaslara keçid balı kimi təqdim olunub. Abituriyentlərin
nəzrinə bir daha çatdırırıq ki, bunlar tamamilə fərqli anlayışlardır.
Keçid balı müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda
formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin
balına bərabər olan göstəricidir. Keçid balı müəyyən ixtisas üzrə
müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan
yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. Fərz edək
ki, hər hansı ixtisas üzrə qəbul planı 40 yerdən ibarətdir. Həmin
ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 200 nəfər göstərib. Bu
zaman həmin 200 nəfərdən ən yüksək bal toplayan 40 abituriyent bu
ixtisasa qəbul edilir və 40-cı abituriyentin balı həmin ixtisas üzrə
formalaşmış keçid balı olur.
Müsabiqə şərti isə TQDK tərəfindən hər hansı bir ixtisas qrupunun, yaxud
ixtisasın müsabiqəsində (ixtisas seçimində) iştirak etmək üçün qoyulan
minimal tələbdir. Belə ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində
yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak
edə bilərlər. 2015/2016-cı tədris ili üçün I, II, III və IV ixtisas
qruplarının müsabiqəsində (ixtisas seçimində) ümumi balı 200-dən, hər
bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan
abituriyentlər iştirak edə bilər. Ümumi balı 350 və daha çox olan
abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə
cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Vətəninfo.az