Hərbi ekspert GENERALA SƏSLƏNDİ -Adları açıqlayın!
Əziz dostlar! Hörmətli həmkarlar!
Bir neçə gün bundan əvvəl Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Silahlı Qüvvələrdə 2016-cı ildə qeydə alınan korrupsiya cinayətlərinin statistikasını açıqladı. Çox ciddi və kifayət qədər az olmayan rəqəmlər səsləndirildi. Hərbi prokuror 2016-cı ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər nəticəsində bu xarakterli işlər üzrə 153 şəxs barəsində 117 cinayət işinin istintaqının tamamlanaraq təqsirkar şəxslər haqqında materialların məhkəməyə göndərildiyini qeyd etdi. Ola bilsin ki, bu rəqəmlər kiməsə o qədər də böyük görünməsin. Amma, təqribən iki yüz nəfərə yaxın vəzifəli şəxs mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərə yol verdiklərinə görə məsuliyyətə cəlb olunublar.
Kollegiya iclasında o fikir də səslənib ki, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət bundan sonra da davam etdiriləcək. Xanlar Vəliyev Azərbaycan prezidentinin "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət qoyulduğunu qeyd edib. Bildirib ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.
Bəli, hörmətli hərbi prokuror yaxşı olardı ki, vəzifə cinayətlərinə, xüsusən də rüşvətxorluq və korrupsiya hallarına yol vermiş şəxslərin adlarını da geniş içtimayət üçün

qeyd edərdi. Belədə isə, həm mətbuat, həm də cəmiyyət belə təhlükəli cinayət əməllərinə yol vermiş zabit və gizirlərin, həmçinin bəzi general və polkovniklərin kim olması haqqında məlumatsız qalır. Yeri gəlmişkən, bu günlərdə Müdafiə Nazirliyinin mühüm idarələrindən birinin rəhbər şəxsi tutduğu vəzifədən azad edilib və bildiyim qədər Silahlı Qüvvələr sırasından çıxarılıb. Adını çəkmək istəmədiyim bu şəxs bir vaxtlar keçmiş SSRİ Silahlı Qüvvələrinin praporşiki kimi xidmətə başlamışdı. Amma, bəzi rəhbər şəxslərlə dostluq və şəxsi münasibətləri sayəsində birdən-birə az qala general rütbəsinə kimi kabinetlərdə irəliləməyi bacarmışdı. Etdiyi qanunazid hərəkətlərin miqyası və maştabı o qədər çox oldu ki, ölkə rəhbərliyi bu yaxınlarda Müdafiə Nazirliyinə bu şəxsin ordu sıralarından uzaqlaşıdrılması haqında göstəriş verməyə məcbur oldu. Şəxsən mən hesab edirəm ki, ən azından Hərbi Prokurorluq bu tip təsadüfi şəxslərin fəaliyyətini dərindən araşdırmalı və onlara hüquqi qiymət verməlidir. Bütün bunların hamısı Silahlı Qüvvələrimizin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən rüşvətxorluq, korrupsiya hallarının vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin isə layiqli cəzaya məhkum edilməsinə şərait yaradar.
Sonda onu da qeyd etməyi vacıb sayıram ki, cəmiyyətin ən qorxulu və təhlükəli bəlasına çevrilmiş rüşvətxorluq və korrupsiya cinayətləri təkcə bir güc strukturuna aid məsələ deyil. Hərbi prokurorluq özündə cəsarət tapıb o siyahını açıqlaya, siz özünüz də görə bilərsiniz ki, demək olar ki, bu bəla bütün güc strukturlarının bəzi xidmət və şöbələrində, hərbi hissə və birləşmələrində baş verən xoşagəlməz hadisələrdir. Ona görə də, müharibə şəraitində olan bir ölkənin ələlxüsus da Silahlı Qüvvələrində belə neqativ halların olması yolverilməzdir. Belə hallarla mübarizədə Hərbi prokurorluq orqanlarına digər mühüm dövlət və hökumət strukturlarının da geniş dəstəyi və hərtərəfli köməyi olmalıdır. Bu ordu bizim dövlətin və xaqlın Ordusudur. Onun güclü və qüdrətli olması isə hər birimizin sabaha olan qarantı və təminatı deməkdir. Orada hər şey yüksək səviyyədə olmalıdır ki, Azərbaycan dövləti də istənilən səviyyədə sözünü deyəndə bu sözün arxasında həqiqətən də real və tam hazır gücün olmasını həm dostlarımız, həm də bizi istəməyənlər özlərində dərk etsinlər. Hələliksə, həddən çox görüləsi işlər var...
Üzeyir Cəfərov
Ehtiyatda olan polkovnik-leytenant
(Yazı hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun feysbuk statusundan götürülüb)
Miq.Az