RLDP sədri SSRİ-nin bərpası barədə sensasion açıqlamalar verib
Rusiya liberal-demokrat partiyasının lideri Vladimir Jirinovski qalmaqallı açıqlaması ilə yenidən gündəmə gəlib.
İstiPress-in məlumatına görə, "Tsarıqrad” telekanalına müsahibə verən V.Jirinovski milli və şovinist bəyanatlar verib.
Onun sözlərinə görə, əgər o, Rusiya dövlətinin başçısı olsaydı, ABŞ prezidenti Donald Trampa belə təklif verərdi:
Ona deyərdim ki, bax Donald, Çin və İran üzrə razılığa gələk. Rusiya Birləşmiş Ştatların istədiyi kimi İran və Çinlə münasibətləri yaxşılaşdırır, əvəzində isə ABŞ keçmiş sovet respublikalarının Rusiyaya birləşdirilməsinə, SSRİ-nin sərhədlərinin bərpasına mane olmayacaq. Burada təmiz kommersiya var. Donald Tramp biznesmendir axı. Bu sövdələşmə ona sərf edəcək. Əgər keçmiş sovet respublikaları görsələr ki, ABŞ mane olmur, onların hamısı Kremlin nəzarəti altına qaçacaqlar. Yəni biz İran və Çinlə münasibətləri Trampın istədiyi kimi qururuq, o da əvəzində bizim bir il-i yarım ərzində keçmiş SSRİ-nin sərhədlərini bərpa etməyimizə göz yumur. Əslində bu sövdələşmədə biz daha çox güzəştə gedirik, nəinki Tramp. Ukrayna, Belarus, Pribaltika, Azərbaycan, Qazaxıstan onun heç vecinə də deyil.
Rusiyanın keçmiş SSRİ-nin sərhədlərini "dinc yolla” bərpa etməsinin qarşısında heç bir maneənin olmayacağını hesab edən siyasətçi deyib ki, keçmiş sovet respublikalarının əhalisi yaxşı bilir ki, onlar SSRİ vaxtında daha yaxşı yaşayıblar.
"İndi isə pis yaşayırlar, varlılar yaxşı yaşayır, kasıblar isə indiki sistemi istəmir. Mən Qafqazda olmuşam, Qazaxıstanda yaşamışam, bilirəm ki, heç bir etiraz-filan olmayacaq. Xüsusən də SSRİ-nin ləğvi qanunsuz olub, Belovejsk sazişinin heç bir hüquqi qüvvəsi yoxdur” - Jirinovski deyib.
RLDP sədri müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunub. O bildirib ki, keçmiş SSRİ sərhədləri bərpa edilərsə Qarabağ münaqiəsi də asan şəkildə həll olacaq.
Azərbaycan və Ermənistan Qarabağ məsələsini heç vaxt həll edə bilməyəcəklər. Ermənistanla Azərbaycan arasında həmişə müharibə olacaq. Ancaq biz onların hamısını götürəndə nə Qarabağ olacaq, nə Azərbaycan olacaq. Əvəzində çarlıq vaxtındakı kimi Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası, Kutaisi quberniyası olacaq, - Jirinovski bildirib.